AİHM 3 şikayət üzrə qərarını elan edib
Fevralın 18-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarını elan edib.
Bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat yayıb.
Bildirib ki, məhkəmə hazırda azadlıqda olan NİDA-çılar Məmməd Əzizovun və Şahin Novruzlunun Azərbaycana qarşı işində AİHM iddia olunan pozuntuları tanıyıb: “Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti Məmməd Əzizova 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə, Şahin Novruzluya 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə. Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıydı. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər”.
Hüquqşünas Avropa İnsan Haqları Məhkəməsinin mülkiyyət hüququ pozulan Fatma Qəniyeva və başqa 17 nəfərin işi haqda qərar verdiyini qeyd edib: “Bu işdə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. Məhkəmə ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 13 min avro təzminat (maddi zərərə görə – 10 min, mənəvi zərər əvəzi 3 min avro – cəmi 234 min avro) ödəməlidir. 2009-cu ildə göndərilən bu iş mülkiyyət hüququ ilə əlaqəli idi. Ərizəçilərin iddialarına görə, onların Sabunçu rayonundakı bağ sahələri əllərindən alınmış, mülkiyyətlərindən istifadələrinə imkan verilməmiş, zəbt edilmiş və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunmuşdu”.
X.Ağaliyev azadlıq və toxunulmazlıq hüququ pozulması səbəbindən İlqar Feyzova Azərbaycan hökumətinin 5350 avro (mənəvi zərərə əvəzi 4500 avro, xərc və məsrəflərə görə – 850 avro) təzminat ödəməli olduğunu bildirib. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarında deyilir: “İlqar Feyzov Azərbaycana qarşı işi hüquqi əsaslar olmadan tutulma, həbslə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ona görə də Feyzova azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirdi”.
Keçmiş siyasi məhbus Məmməd Əzizov qərardan razı qaldığını və ədalətli hesab etdiyini bildirib.
“Hazırkı qərar bəraətin verilməsinə yol açdı. Bu mənada, qərardan razıyam və ədalətli olduğunu düşünürəm”, – keçmiş siyasi məhbus əlavə edib.
Məmməd Əzizov hesab edir ki, cərimələrin və qərarların kiçik də olsa çəkindirici təsiri var.
“Ancaq hökümət bu qərarlardan sonra dəyişib başqa hökümət olar, ya yox? Belə bir şey gözləmək yəqin ki, sadəlövhlük olardı”, – Məmməd Əzizov deyib.
Məmməd Əzizov hesab edir ki, iqtidarla xalq arasında daha çox xalqın xeyrinə güc balansı yaranmadan hansısa tədbirlərin effektivliyinə inamı azdır.
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “NİDA” vətəndaş hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.
Şahin Novruzlu 2014-cü il 18 oktyabr, Məmməd Əzizov isə 2016-cu il 18 mart tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.