Məhkəmə Əsabəli Mustafayevin şikayəti ilə bağlı qərar verib
Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını
açıqlayıb
.
“Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı” işdə AİHM iddia edilən bütün pozuntuları tanıyıb.
2014-cü ildə Azərbaycan hökuməti QHT-lərə maliyyə pozuntuları əsası ilə cinayət işi açıb.
Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev AİHM-ə həmin işlə bağlı məhkəmə qərarlarından şikayət vermişdi.
Bildirirdi ki, bank hesablarının dondurulması na görə mülkiyyət və səmərəli müdafiə vasitələrinə malik olma hüquqlarına müdaxilə edilib.
Eyni zamanda, ölkədən çıxışı yasaqlanan Əsabəli Mustafayev həm də hərəkət azadlığı hüququna müdaxilədən şikayətçi olmuşdu.
Ərizəçilər yekunda iddia edirdilər ki, onların haqlarına tətbiq edilən məhdudiyyətlər siyasi məzmunludur.
Onlar hesab edirdi ki, məhdudiyyətlər Azərbaycandakı insan haqları müdafiəçilərinə və QHT fəallarına qarşı rəsmi kampaniyanın tərkib hissəsi idi və onların fəaliyyətini iflic etməyə hesablanmışdı.
AİHM hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət (1 Saylı Protokolun 1-ci maddəsi), səmərəli müdafiə vasitələrinə malik olmaq (Maddə 13), hərəkət azadlığı (4 Saylı Protokolun 2-ci maddəsi) hüquqları pozulub.
Məhkəmə həmçinin qərar verib ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub.
Qərara görə, hökumət qərar qəti olduqdan sonra mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə 15 min avro təzminat ödəməlidir.
Xərc və məsrəflərə görə isə 1900 avro təzminat nəzərdə tutulub.