Avropa Məhkəməsi Azərbaycanı 19 000 avro cərimələdi

Vəkil: ”Üstümüzə gələn vəzifəlilər gələcəkdə biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”

Source:
Avropa İnsan Haqları Məhkəməsi


Vəkil: ”Üstümüzə gələn vəzifəlilər gələcəkdə biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”

Dekabrın 20-də Avropa Məhkəməsi Ramil Pirqurbanın işi üzrə qərarını elan edib. Məhkəmə Ramil Pirqurbana münasibətdə Konvensiyanın 3-ci (işgəncə), 5 -ci (qanunsuz həbs) və 6-cı (məhkəmə araşdırmasının ədalətsiz olması) maddələrinin pozuntusunu tanıyıb.

Bu barədə vəkil Əsabəli Mustafayev öz “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, Avropa Məhkəməsi 3-ci maddəsinin həm maddi (yəni işgəncənin polis tərəfindən verilməsi), həm də prosessual (fakt üzrə səmərəli araşdırmanın aparılmaması) əsasların pozuntusunu tanıyıb. Kompensasiyanın məbləği 19 000 avrodur.

Vəkil işin mahiyyəti barədə qeyd edib ki, Sumqayıt polisi 2010-cu ildə avtomaşın alveri ilə məşğul olan Ramil Pirqurbanı və digər 2 nəfəri həbs edərək boyunlarına külli miqdarda narkotik alveri ittihamı qoymaq istəyir. Əsl məqsəd isə bunlardan külli miqdar pul qopartmaq olub:

“Ramil Pirqurban və digərləri tələb olunan pulu ödəyə bilmirlər. Buna cavab olaraq onlara qrup halında külli və qrup halında narkotik maddələrin satışı ittihami verilir (sanksiya 5 ildən 12 ilə qədər). Ramil Pirqurban ittihamı qəbul etmir. Cinayəti etiraf etmək üçün onu möhkəm döyürlər, bədənini yanar siqaret və elektroşok ilə yandırırlar. Barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün hər üçü məhkəməyə gətirilir. Mən bu işə təyinatla çıxmışdım. Təqdimata məhkəmənin sədri özü baxırdı. Gənc olsa da, artıq mayor rütbəsində olan müstəntiq bir sıra nöqsanlara yol verib, o cümlədən 48 saatlıq müddəti keçirib”.

Vəkil bildirir ki, onun barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatət verib. Hakim çox çətinliklə bu qərardadı qəbul edib:

“Mənim vəsatətimlə keçirilən ilk ekspertiza bütün xəsarətləri ört-basdır etdi. Mən yeni ekspertiza keçirilməsi barədə vəsatət verdim. Eyni zamanda müstəntiqdən baş prokurora və DİN-ə çoxlu sayda şikayətlər göndərdim. Mənim şikayətimlə əlaqədar Ombudsman aparatından, digər təşkilatlardan yoxlama gəldi. Müstəntiqi istintaqdan kənarlaşdırdılar. Yeni ekspertiza keçirilən zaman istintaq qorxusundan müdaxilə etmədi. Ekspertin yeni rəyində Pirqurbanın döyülməsi, üzərində onlarla siqaret və elektroşokdan yanıqların olduğu göstərildi. Prokurorluqa cinayət işinin başlanması barədə verdiyim şikayət təmin edilmədi”.

Əsabəli Mustafayev deyir ki, onun şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsi işgəncə faktını tanıyıb. Bu qərardan prokuror protest versə də, təmin olunmadı:

“Qərar qüvvəyə mindikdən sonra da, prokurorluq cinayət işinin başlanmasından imtina etdi. Beləliklə də, şikayət getdi Avropa Məhkəməsinə. İstintaq bizi ələ almaq üçün maddəni 234.1-ə tövsif etdi. Buna baxmayaraq şikayətlərim dayanmadı. Bu maddə ilə iş məhkəməyə getdi. Məhkəmədə dövlət ittihamçısı ittiham aktında olan nöqsanları bəhanə gətirərək işin geri qaytarılmasını tələb etdi. Əslində isə işə xitam verildi və Pirqurban azadlığa çıxdı. Bir qədər sonra həmin mayor ayrı işlə əlaqədar həbs olundu. O, qardaşını yanıma göndərərək ancaq mənə etibar etdiyini və bu səbəbdən onun vəkili olmağımı xahiş etdi. Təqribən 10 000 dollar qonarar təklif edildi. Pula böyük ehtiyacım olsa da, mənəvi dəyərləri əsas tutaraq təklifdən imtina etdim. Bununla qeyd etmək istəyirəm ki, indi üstümüzə gedən bəzi vəzifəlilər nə vaxtsa məhz biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanı 19 000 avro cərimələdi