Avropa Məhkəməsi 34 şikayəti araşdırmağa başladı

Şikayətlər əsasən QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlıdır

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Şikayətlər əsasən QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlıdır

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 34 şikayəti araşdırmağa başlayıb.

Araşdırılan şikayətlər əsasən, vətəndaş cəmiyyəti qurumlarının və fəallarının bank hesablarının dondurulması, mülkiyyət və ədalətli məhkəmə araşdırması, habelə şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlıdır.

Bu haqda Azadlıq radiosu AİHM-in məlumatına istinadən bildirir.

Məlumata görə, araşdırılan şikayətlərin bir hissəsini hüquqi şəxslər – QHT-lər göndəriblər. Şikayətçi QHT-lər bunlardır:Azad İqtisadiyyata Yardım İctimai Birliyi; Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyi; Hüquq Maarifçiliyi Cəmiyyəti; Azərbaycan Hüquqşunaslar Assosiasiyası; Demokratiya və İnsan Haqları İctimai Birliyi; Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi; Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu; Qafqaz Media Araşdırmaları Birliyi.

Şikayətçi QHT-lərin hesabların 2013-14-cü illərdə prokurorluq qurumlarının tələbi ilə həbs qoyulub. QHT-lər şikayətlərində bunun qanunsuz olduğunu bildiriblər.

Bank hesablarının qapadılmasına görə, vətəndaş cəmiyyəti fəallarının göndərdiyi 10-dan artıq şikayət də araşdırılmağa başlayıb.

Şikayətçilər Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnagı Hacıbəyli, Rəsul Cəfərov, Gülnarə Bagırova, Aynura İmranova, Emin Hüseynovdur.

Araşdırılan şikayətlər arasında jurnalistlərin də işləri var. Bunlardan biri “Azadlıq” qəzetinin direktoru olmuş Azər Əhmədovun şikayətidir. O, danışıqlarının keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dinlənilməsini məhkəmə qaydasında mübahisələndirib.

Yerli məhkəmələr jurnalistin şikayətlərini rədd etdiyindən, o, AİHM-ə şikayət edib. Jurnalist hesab edir ki, dövlət qurumu onun şəxsi həyat bilgilərinə müdaxilə edib, yerli məhkəmələr də buna haqq qazandırıb.

Şikayəti araşdırılan digər jurnalist, hazırda həbsdə olan “xeber44.com” saytının redaktoru Araz Quliyevdir. Onun vəkilləri AİHM-ə şikayətlərində onun şərləndiyini, ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia ediblər.

Kommunikasiyası başlayan şikayətlərin bir hissəsi müxalif siyasi partiyalarla bağlıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası və digər müxalif birliklərin üzvü olan İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov inzibati qaydada cəzalandırılmalarından AİHM-ə şikayət ediblər.

Şikayətçilərdən İxtiyar Şirin hərəkət azadlığının məhdudlaşdırılmasından, Arif Hacıyev ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından, Sirac Kərimli isə məhkəmədə metal qəfəsdə saxlanılmasından AİHM-ə şikayət edib.

Araşdırlan 5 şikayətdə isə mülkiyyət hüquqlarının pozulduğu iddia edilir. İddiaçılar “İnşaatçi” kooperativi, Zöhrab İsmayılov, Rüstəm İbrahimbəyov, Lalə Əfəndiyeva, Şöhrət İbrahimbəyovadır.

Araşdırlan 34-cü şikayəti AİHM-ə Lidiya Pavlovna Gabel göndərib. Onun əslən alman olduğu, etnik kökü ilə bağlı (sənədlərdə rus olması qeyd edilir) məlumatların dəyişdirilməsini tələb etdiyi, ancaq Azərbaycanın rəsmi qurumlarının bunu etmədiyi bildirilir.

L.Gabel buna görə AİHM-ə şikayət edib. Araşdırılan şikayətlər AİHM-ə əsasən, son 4 ildə göndərilib. AİHM şikayətlərlə bağlı hökumətə araşdırıcı suallar göndərib. Hökumət həmin suallara 3 ay ərzində cavab verməlidir.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi 34 şikayəti araşdırmağa başladı