Avropa Məhkəməsi 2 iş üzrə kommunikasiyaya başladı

Əsgər getməkdən imtina edən şəxs iki dəfə eyni iş üzrə ittiham edilib

Source:


Əsgər getməkdən imtina edən şəxs iki dəfə eyni iş üzrə ittiham edilib

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 2 iş üzrə kommunikasiyaya başlayıb.

Bu barədə məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, kommunikasiya “Müşfiq Məmmədov və Samir Hüseynov Azərbaycana qarşı” işi üzrə aparılacaq. Hər iki ərizəçi “Yehova şahidləri” icmasının üzvü olub və hərbi xidmətə getməkdən yayınmalarına görə ölkədə barələrində cinayət işi açılıb. Samir Hüseynov 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Vəkil deyir ki, Müşfiq Məmmədovun işində fərqli xüsusat ondan ibarət olub ki, o, yerli məhkəmələr tərəfindən 6 ay müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edildikdən bir müddət sonra yenidən hərbi xidmətdən yayınmaya görə ona qarşı cinayət işi başlanılıb və məhkəmənin hökmü ilə 250 manat cərimə cəzasına məhkum edilib.

“Avropa Məhkəməsi hökumətə Konvensiyanın 9-cu maddəsinin pozuntusu və əlavə olaraq Müşfiq Məmmədova münasibətdə Konvensiyada 7 saylı Protokolun 4-cü maddəsinin (eyni əmələ görə iki dəfə cəzalandırılmama) pozuntusunun olub-olmaması ilə bağlı suallar ünvanlayıb”.

Digər kommunikasiya isə Xaləddin Soltanovun şikayəti üzrə başlanılıb.

Vəkilin məlumatına gorə, X.Soltanov özəl şirkətdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə işdən azad olunduqdan sonra işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edib:

“Səbail rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmədə onun vəkili qismində N.Abbasov iştirak edib. Məhkəmə aşağı instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya Məhkəməsi ərizəçinin xeyrinə qərar çıxarıb. Bu dəfə şirkət kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılan zaman hakimlər ərizəçinin vəkili N.Abbasova zalı tərk etməyi tələb ediblər, çünki onun ərizəçini təmsil etmək üçün yeni orderi olmayıb. Məhkəmə ərizəçini vəkili olmadığından dinləməyib. Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək belə nəticəyə gəlib ki, onun işdən azad edilməsi qanuni olub.

Avropa Məhkəməsi ərizəçinin vəkilinin Ali Məhkəmədə iştirak etməməsi ilə bağlı Konvensiyanın 6.1-ci maddəsinin pozuntusunun baş verib-verməməsi ilə əlaqədar hökumətə sual ünvanlayıb.

Bu iş əslində maraqlı işdir. Bir iş üzrə Ali Məhkəməyə order təqdim edilibsə, ikinci dəfə yeni order tələb olunur.

Pozuntu tanınsa, iş bir neçə dəfə Ali Məhkəməyə getsə, hər dəfəsində yeni orderin təqdim edilməsinə ehtiyac olmayacaq”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi 2 iş üzrə kommunikasiyaya başladı