Bundan başqa Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha üç qərardad elan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) siyasi fəal Məmməd İbrahimin 2015-ci ildə məhkəmə qərarı olmadan 48 saatdan artıq polisdə saxlanılmasını qanunsuz hesab edərək Azərbaycan hökumətini cərimələyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da “xuliqanlıq” ittihamı ilə saxlanılmış, 48 saatdan artıq müddətdə Nərimanov Polis İdarəsində saxlanılmaqla azadlıq hüququ məhdudlaşdırılmışdı. Nəhayət, oktyabrın 3-də məhkəmə qarşısına çıxarılan fəal bərəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.
İbrahimin vəkili Yalçın İmanov hələ o vaxt müvəkillinin polis idarəsində məhkəmə qərarı olmadan qanunsuz saxlanıldığını və Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirmişdi.
“İbrahim Azərbaycana qarşı” işinin hallarına görə, Məmməd İbrahim barəsində seçilən həbs qətimkan tədbirinin də qanunsuz olmasından şikayətlənib.
Avropa Məhkəməsi martın 6-da elan etdiyi qərarında qərarında qeyd edib ki, Məmməd İbrahimin 30 sentyabr 2015-ci il saat 23.30-dan 3 oktyabr 15.00-dək daxili qanunvericiliyin icazə verdiyi qırx səkkiz saatdan çox müddətə məhkəmə qərarı olmadan saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) birinci bəndini pozub.
Ancaq Məhkəmə “ərizədə qaldırılan əsas hüquqi məsələyə” baxdığını əsas gətirərək həbs qətimkan tədbirinin qanunsuzluğuna dair şikayətə baxmağa ehtiyac görməyib.
Qərara əsasən, hökumət İbrahimə maddi zərərə görə 2 min, hüquqi xərclərə görə 250 avro ödəməli olacaq.
Avropa Məhkəməsi martın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha üç qərardadını elan edib.
“Babayev və Malikov Azərbaycana qarşı” işində ərizəçilər Allahverdi Babayev və Hüseyn Malikov inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayət ediblər.
Beləki, tərəflər arasında “barışıq” cəhdləri uğursuz olduqdan sonra, hökumət işlərin baxılacaq işlərin siyahısından çıxarılması xahiş ilə bağlı bəyannamələr tədqim edib. Hökumət qanun pozuntularını tanıyaraq, ərizəçilərə kompensasiya təklif edib və ərizəçilər hökumətin şərtləri ilə razılaşıb.
Qərardada əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçilərin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.
Ümumilikdə beş ərizənin yer aldığı “Abdullazadə və başqaları Azərbaycana qarşı” işi də inzibati xətalar üzrə məhkəmə icraatlarında ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dair verilmiş şikayətlər olub. Ərizəçilərin bəziləri azadlıq və toxunulmazlıq hüququnun pozuntusundan da şikayətlənib.
Bu işdə də uğursuz “barışıq” cəhdlərindən sonra hökumət təktərəfli bəyannamələr təqdim edərək qanun pozuntularını tanıyıb və kompensasiya təklif edib. Məhkəmə hökumətin təktərəfli bəyannamələrinə əsaslanaraq bu işi baxılacaq işlər siyahısından çıxarmağa qərar verib.
Qərardada əsasən, hökumət ərizəçilər – Elvin Abdullazadə, Əmrah Təhməzov, Hüseyn Malikov, Vüqar Əliyev və Fəzail Əliyevin hər birinə maddi zərərə görə 900 avro, hüquqi xərclərə görə 225 avro ödəyəcək.
Son olaraq, “Əliyev Azərbaycana qarşı” işində ərizəçi Fərrux Əliyev və hökumət “dostca razılaşma” əldə ediblər.
COVİD19 pandemiyası ilə bağlı karantin qaydalarını pozduğuna görə inzibati həbsə məhkum edilən Fərrux Əliyev ədalətli məhkəmə hüququnun pozulduğunu iddia edib. O, həmçinin iki mobil telefonunun rəsmi qərarı olmadan müsadirə edilməsindən şikayətlənib.
Məhkəmə kommunikasiya zamanı tərəflərin “dostca razılaşma” əldə etdiklərini bildirib. Qərardada əsasən, hökumət ərizəçiyə maddi zərərə görə 3 min, hüquqi xərclərə görə 500 avro kompensasiya ödəyəcək.