Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş NİDA üzvləri Məmməd Əzizov və Şahin Novruzlunun işi üzrə qərarını elan edib.
Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Onun sözlərinə görə, hər iki şəxs barəsində 2022-ci ildə Ali Məhkəmənin Plenumu bəraət hökmü çıxarıb. Azərbaycan höküməti bu qərarı və eyni zamanda hər ikisinə dəymiş zərərə görə Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi kompensasiyanı və ərizəçilərin zərərçəkmiş statusunu itirdiyini əsas götürərək işin siyahıdan çıxarılmasını xahiş edib.
2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə NİDA vətəndaş hərəkatı fəalları Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundov hər biri 8 il, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
NİDA-çı fəallar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma), 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə təqsirli biliniblər.
Şahin Novruzlu 2014-cü il oktyabrın 18-də, Məmməd Əzizov isə 2016-cı il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Avropa Məhkəməsi qeyd edib ki, ərizəçilərdən biri 1 il 7 ay, digəri 3 il həbsdə olub, daha sonra əfv edilib və 2022-ci ildə bəraət alıblar.
“Ümumilikdə, onlar 8 il 4 ay ərzində cəmiyyətin gözündə günahkar hesab olunublar. Bundan əlavə, Ali Məhkəmənin plenumunun qərarı qısa əsaslandırılıb və Konvensiyanın normalarının hər hansı pozuntusu açıq şəkildə tanınmayıb. Bəzən daxili şikayətlərdə Konvensiyanın normalarının pozuntusunun tanınması şikayətdə göstərilsə də, yerli məhkəmələr qərarlarında qeyd edir ki, Azərbaycan qanunvericiliyində Konvensiya normalarının pozuntusunun tanınması qeyd edilməyib”, – Fariz Namazlı bildirib.
Buna görə də Avropa Məhkəməsi ərizəçilərə kompensasiya ödənilməsinə baxmayaraq ərizələrin qəbuledilməz elan olunmasının mümkün olmaması nəticəsinə gəlib.
Məhkəmə yerli səviyyədə ödənilən kompensasiya məbləğlərinin əsassız olmaması nəticəsinə gəlib, eyni zamanda ərizəçilərin şikayət etdiyi halların (məhkum edilmələri) artıq mövcud olmamasını nəzərə alaraq işi siyahıdan çıxarıb və məhkəmə xərclərinə görə 1000 və 500 avronun ödənilməsinə qərar verib.
Bu iş üzrə ərizəçilərin nümayəndələri Xalid Bağırov, Nemət Kərimli və Fariz Namazlı olub.
Bununla Avropa Məhkəməsində uduşlu işlərin sayı 57 ərizəçi üzrə 30-cu qərar olub.