Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Xədicə İsmayıl barədə qərar qəbul edib.
Bu barədə vəkil Fariz Namazlı özünün “Facebook” səhifəsində məlumat yayıb.
Vəkil qeyd edib ki, 2014-cü ildə Elman Bayraqdar jurnalistin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məhkum edilməsi üçün xüsusi ittiham qaydasında şikayət vermişdi.
Bayraqdar jurnalistin öz “Facebook” hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edirdi.
“Binəqədi Rayon Məhkəməsi İsmayılovanı 2500 manat məbləğində cərimələyib. Həmin sənədlərdən biri E.H.-i zorlamada ittiham edir, digəri isə onun o vaxtki Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzi ilə guya gizli əməkdaşlığına aiddir”.
Vəkil bildirib ki, məhkəmənin qərarına əsasən, MTN-in Antiterror Mərkəzinin təqdim etdiyi məktuba söykənib və bu məktubu sübut kimi qəbul edib. Lakin AİHM qeyd edir ki, həmin məktub ərizəçinin məhkumluğu üçün həlledici sübut idi və buna baxmayaraq, ərizəçiyə məktubu yazan əməkdaşı şahid qismində dindirmək imkanı verilməyib.
Ərizəçi dəfələrlə bu şahidin dindirilməsi barədə vəsatət qaldırsa da, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi onun bu tələbini təmin edib. Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, şahidin dindirilməməsi üçün heç bir əsaslı səbəb göstərilməyib və bu hal ədalətli məhkəmə araşdırmasının pozulmasına səbəb olub.
Nəticədə, Məhkəmə Konvensiyanın 6.1 və 6.3(d)-ci maddələrinin pozuntusunu tanıyıb və ərizəçiyə mənəvi zərərə görə 3600 avro, məhkəmə xərclərinə görə isə 1500 avro kompensasiyanın ödənilməsinə qərar verib.
Bu qərarla birlikdə Avropa Məhkəməsində Azərbaycana qarşı uduşlu işlərin sayı 59 ərizəçinin işi üzrə 32-yə yüksəlib.