Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə qarşı daha bir qərar qəbul edib.
Qərar hazırda həbsdə olan jurnalist Ramin Cəbrayılzadənin (Deko) informasiya azadlığı ilə bağlı müraciəti üzrə verilib.
Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Hazırda bu işrə həbs olunmuş 12 nəfər Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunur.
2012-ci ildə Cəbrayılzadə Prezident Administrasiyasına informasiya sorğusu göndərərək aşağıdakı məlumatları tələb etmişdi:
- Prezident sərəncamları ilə mənzil verilmiş tanınmış şəxslərin — sənətçilərin, idmançıların və məmurların siyahısını;
- Həmin mənzillərin maliyyə mənbələrini;
- Dövlətin başqa mənzil fonduna malik olub-olmadığını və Bakı Şəhər İcra Hakimiyyətinin bu fondlar üzərində səlahiyyətlərinin olub-olmadığını.
Prezident Administrasiyası jurnalistin sorğusuna cavab verməyib. Cəbrayılzadə bu səbəbdən məhkəməyə müraciət edib amma yerli məhkəmələr onun iddiasını təmin etməyiblər. Bundan sonra o, Avropa Məhkəməsinə müraciət edib.
Avropa Məhkəməsi qərarında bildirib ki, jurnalist “ictimai nəzarətçi” funksiyasını yerinə yetirib və tələb etdiyi məlumat onun peşə fəaliyyəti üçün zəruri olub. Bundan başqa məhkəmə qeyd edib ki, jurnalistin istədiyi məlumatlar dövlət vəsaiti hesabına vətəndaşlara mənzil paylanması kimi mühüm ictimai əhəmiyyət daşıyan məsələ ilə bağlı olub.
Hazırki işdə Prezident Administrasiyası məlumatın kimdə olduğunu müəyyənləşdirməyib, sorğunu aidiyyəti orqana yönləndirməyib və ümumiyyətlə, ərizəçiyə cavab verməyib. Yerli məhkəmələr də bu fəaliyyətsizliyə hüquqi qiymət verməyib, sadəcə jurnalistin “yanlış orqana müraciət etdiyini” qeyd etməklə kifayətləniblər.
Məhkəmə nəticəyə gəlib ki, Prezident Administrasiyasının bu davranışı “qanunla nəzərdə tutulmayıb” və jurnalistin informasiya azadlığına müdaxilə təşkil edir. Beləliklə, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 13-cü (effektiv müdafiə vasitəsi) maddələrinin pozulduğunu tanıyıb.
Məhkəmə qeyd edib ki, bu işdə pozuntunun tapılması faktının özü ərizəçinin çəkə biləcəyi mənəvi zərərin qarşılığı kimi kifayət edir və buna görə də maddi kompensasiya müəyyən etməyib.