Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanda saxlanılan 23 erməni məhbusun saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə bağlı Azərbaycan hökumətindən yeni məlumatların təqdim edilməsini istəyib. Hökumətə 4 noyabra qədər vaxtı verilib.
OC Media yazır ki, bu addım, Azərbaycanın iyul ayında Strasburqda yerləşən məhkəməyə təqdim etdiyi və artıq əsirlərin vəziyyəti barədə mütəmadi məlumat vermək öhdəliyindən azad olunmasını tələb edən müraciətindən sonra atılıb. Lakin AİHM Bakının müraciətini rədd edərək hesabat verməyə davam etməsini tapşırıb.
Beynəlxalq məhkəmələrdə məhbusları təmsil edən vəkil Siranuş Sahakyan təsdiqləyib ki, AİHM-in qərarında göstərilən məhbusların sayı ilə Azərbaycanın açıqlamalarında göstərilən rəqəmlər arasında fərq yoxdur. Bununla belə, vəkil qeyd edib ki, “tez-tez 80 nəfərin itkin düşməsindən danışılır”, lakin bu rəqəm daha çox ola bilər. O, həmçinin qeyd edib ki, bəzi hallarda Azərbaycan qüvvələri tərəfindən əsir götürüldükdən sonra insanların həlak olması barədə məlumat alıblar.
Təsdiqlənmiş 23 əsir arasında 2023-cü ilin sentyabrında regionda son döyüşlərdən sonra Azərbaycan tərəfindən saxlanılan tanınmamış Dağlıq Qarabağın səkkiz keçmiş hərbi-siyasi lideri də var.
O, əlavə edib ki, hazırda onlarda Avropa Şurasının İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndələrinin Azərbaycana səfəri barədə məlumat var.
“Səfərlər çərçivəsində onların bəzi ermənilərlə birdəfəlik görüşü olduğunu istisna etmirik. Təfərrüatlar verməkdən çəkinəcəyəm. Gələcəkdə bəyanat verəcəyik”, – deyə Saakyan fikrini yekunlaşdırıb.
Erməni hüquqşünaslar, eləcə də beynəlxalq təşkilatlar 2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Bakıda erməni əsirlərə qarşı olan pis rəftarla bağlı dəfələrlə xəbərdarlıq ediblər.
Yaxın vaxtlara qədər Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məhbusların vəziyyətinə nəzarət edə bilən yeganə təşkilat idi. BQXK ziyarətləri asanlaşdırırdı, onların səhhətini yoxlayırdı və ailələri ilə zənglər təşkil edirdi. Onların sonuncu görüşü iyunda olub, lakin sentyabrın 3-də humanitar qurum Azərbaycandakı missiyasını dayandırmaq məcburiyyətində qalıb.
BQXK-nın getməsi ilə məhbusların ailələri tam qeyri-müəyyənlik içində yaşadıqlarını deyirlər. Məhbusların qohumları erməni mətbuatına bildirib ki, aylar, hətta illərdir ki, yaxınlarından xəbər yoxdur. Saakyan bildirib ki, saxlanılanlardan bəziləri əvvəllər Ermənistanda qohumları ilə telefon danışığı zamanı intihar barədə düşüncələri və ya intihara cəhd etmələri ilə bağlı məlumat veriblər.
Avqustun 8-də hər iki tərəf Vaşinqtonda sülh müqaviləsini parafladıqdan sonra da məhbusların taleyi Ermənistan və Azərbaycan arasında ən aktual, lakin qeyri-müəyyən məsələlərdən biri olaraq qalır. Nə bu saziş, nə də Ağ Evdə imzalanmış birgə bəyannamə Azərbaycanı məhbusları azad etməyə məcbur edir.
Bu Yerevandakı müxalifət qrupların baş nazir Nikol Paşinyana qarşı tənqidlərini artırıb və onlar onu sülh prosesində əsirlərin azad edilməsini təmin edə bilməməkdə ittiham edirlər.
Paşinyan isə öz növbəsində BMT Baş Assambleyası və Avropa Şurası Parlament Assambleyasında son çıxışlarında məhbuslara birbaşa istinadlardan yayınıb. Daxili auditoriya üçün çıxışlarında isə Ermənistan rəsmiləri məhbuslar məsələsinin Paşinyan hökuməti üçün əsas prioritet olduğunu iddia edirlər.
Keçən həftə Yerevanda itkin düşmüş əsgər və məhbusların ailələri yüksək vəzifəli şəxslərlə görüş tələb etmək üçün Müdafiə Nazirliyinin qarşısına toplaşanda gərginlik artıb. Saatlarla davam edən etirazlardan sonra Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan onlarla görüşərək, idarələrarası kanallar vasitəsilə səylərin davam etdiriləcəyini vəd edib.
Bəzi qohumlar ümid edirdilər ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri və hökumətin əsir və itkin düşmüş şəxslərlə bağlı komissiyasının sədri Andranik Simonyan bu yaxınlarda Bakıya səfərindən istifadə edərək məsələni birbaşa qaldıracaq. MTX Simonyanın Azərbaycan rəsmiləri ilə məsələni müzakirə edib-etmədiyini təsdiqləməyib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.