Amma bu dəfə kompensasiya kəsilməyib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycan hökumətinə qarşı iki qərar qəbul edib.
“Əliyev Azərbaycana qarşı” məhkəmə işində ərizəçi Gədəbəy şəhərindəki mağazasının Gədəbəy İcra hakimiyyəti tərəfindən söküməsinə görə şikayət verib.
O qeyd edib ki, qanunsuz sökülən mağazasına təzminat almayıb. Ona mağazanın əvəzinə yarımçıq bina təklif edilib, o isə bundan imtina edib.
Yerli məhkəmələr ərizəçinin iddiasını rədd ediblər və gəldikləri nəticəni belə əsaslandırıblar ki, söküntü qanuni olub – İcra hakimiyyətinin sərəncamına əsaslanıb (Sərəncam ərizəçinin mağazası da daxil olmaqla, bir sıra obyektlərin yaxınlıqda tikilən ticarət mərkəzinə köçürülməsi ilə bağlı olub).
Eyni zamanda ərizəçiyə sökülən obyektin əvəzinə yeni tikilmiş ticarət mərkəzində obyekt ayrılıb.
Ərizəçi isə iddia edirdi ki, təklif edilən obyekt kiçik, yarımçıq binada olduğuna, yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyinə və sənədlərinin olmamasına görə ondan imtina edib. Bildirdiyinə görə, həmin obyektin təmiri üçün də ona pul təklif edilməyib.
Hökümət kommunikasiya zamanı qeyd edib ki, ərizəçiyə sökülən mağazaya görə obyekt təklif edilib.
AİHM qeyd edib ki, icra hakimiyyəti belə sərəncam verməklə daxili qanunvericiliyə görə, mülkiyyətdən məhrum edilmə üçün qanuni səlahiyyətə malik deyil. Eyni zamanda ərizəçiyə yeni obyektin təklif edilməsi də qanuni olmayıb, çünki bunun üçün ərizəçinin razılığı olmalıydı. Ərizəçi isə pul kompensasiyası tələb edib. Yerli məhkəmələr nəyə görə ona pul kompensasiyasının əvəzinə obyektin verilməsini seçməsini əsaslandıra bilməyiblər.
Buna görə də ərizəçinin mülkiyyətindən məhrum edilməsi qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olmayıb, lakin kompensasiya məsələrinin həlli üçün tərəflərin hələ hazır olmadığını əsas götürüb bu məsələni təxirə salıb.
Digər qərar olan “Sadıqov Azərbaycana qarşı” olan işdə ərizəçi 1955-ci ildə tikilmiş və ona məxsus olan binanın Tərtər rayon İcra Hakimiyyəti tərəfindən sökülməsindən şikayət verib. Bildirib ki, ona təyin edilən 16808 manat kompensasiya adekvat olmayıb.
AİHM qeyd edib ki, yerli məhkəmələr təqdim edilən kompensasiya məbləği ilə adekvat əsaslandırma aparmayıblar.
Dəymiş zərərlə bağlı ərizəçi kommunikasiya mərhələsində öz tələblərini irəli sürmədiyindən, məhkəmə hər hansı kompensasiya ödənilməsini müəyyən etməyib.
AİHM başqa qərarlarında da bu məsələyə dəfələrlə toxunub və qeyd edib ki, məhkəməyə yazılan şikayətdə kompensasiya tələbi göstərilsə də, kommunikasiya zamanı bu tələb irəli sürülməzsə, məhkəmə kompensasiya təyinindən imtina edir.
Azərbaycan hökuməti 2024-cü ilin fevralından AİHM qərarlarından irəli gələn cərimələri ödəmir.
Preizdent İlham Əliyev 2025-ci il aprelin 9-da bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları tanımayacaq.
Əliyev bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə əlaqələndirib.
“Biz səsvermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik, kim olduqlarını bilmirik”, – Əliyev deyib.
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.
Digər əsaslar Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını “qeyri-müəyyən müddətə” dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin bu ölkənin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.
2025-ci ilin yanvarında isə Azərbaycan AŞPA-ya nümayəndə heyəti göndərməyib.