Avropa İttifaqı ilə Azərbaycan 2026-cı ildə yüksək səviyyəli enerji dialoqunun keçirilməsi barədə razılığa gəlib.
Bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensen (Dan Jørgensen) Cənub Qaz Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər Aİ ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi və qarşılıqlı əlaqələrin artırılması imkanlarını müzakirə ediblər:
“Biz Aİ ilə Azərbaycan arasında daha çox əlaqəlilik imkanlarını daha geniş müstəvidə müzakirə etdik. Bu, çox məhsuldar gün oldu və yaxşı münasibətlər üzərində quruldu. Bu ilin sonunda Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçirmək barədə qərar verdik”, – Dan Yorqensen deyib.
Komissar bildirib ki, həmin görüşdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Yorqensen eyni zamanda, Avropanın Rusiya qazından imtina etdiyi bir dövrdə Azərbaycan qazının rolunu xüsusi vurğulayıb:
“Aydındır ki, Azərbaycandan əldə edə biləcəyimiz qaz bizim üçün son dərəcə önəmlidir. Əməkdaşlıqdan çox məmnunuq”, – o qeyd edib.
Avropa Komissiyasının rəsmisi gələcəkdə Azərbaycan qazının Avropaya idxal həcmlərinin artırılması imkanlarının mövcud olduğunu da bildirib. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün, o cümlədən bərpa olunan enerji sahəsində ciddi potensial var.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər toplantısı martın 3-də Bakı Konqres Mərkəzində keçirilib.