“Avropa İttifaqının məqsədi Rusiyanın aktivlərini müsadirə etməkdir”

Foto: Reuters

Almaniyanın kansleri: “Yeni Marşal Planı hazırlanmalıdır”

“Avropa İttifaqının məqsədi Rusiyanın Avropadakı aktivlərini dondurmaq deyil, müsadirə etməkdir”.

Bu bəyanatı oktyabrın 25-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Berlində Ukraynaya beynəlxalq yardım donorlarının konfransında səsləndirib.

Ancaq Ursula fon der Leyen bunun üçün hüquqi bazanın hazırlanmasını vacib sayıb:

“Ona görə də Avropa İttifaqının hələ çox işi var”.

Daha əvvəl Ursula fon der Leyen dəfələrlə vurğulamışdı ki, Avropa Komissiyası dondurulmuş Rusiya aktivləri ilə rus oliqarxlarının aktivlərinin Ukraynanın bərpası ehtiyaclarına ötürülməsi üçün hüquqi baza hazırlayır.

O, həmçinin Aİ ölkələrinin Ukraynadakı münaqişənin bitməsini gözləməyəcəklərini və Aİ-nin G7 ölkələri ilə birlikdə Rusiya aktivlərinin taleyi ilə bağlı ekspert konfransı keçirəcəyini bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri heç vaxt bu miqyasda əməliyyatlar həyata keçirmədikləri üçün onlar ən parlaq ağılları toplamalı olacaqlar.

Ursula fon der Leyen vurğulayıb ki, Ukraynaya maaş və pensiyalar da daxil olmaqla, büdcə xərclərini ödəmək üçün ayda 5 milyard avroya qədər vəsait lazımdır.

“Avropa İttifaqı Ukraynanı ayda 1,5 milyard avro məbləğində maliyyələşdirməyə hazırdır ki, bu da bütün 2023-cü il üçün təxminən 18 milyard avro təşkil edəcək.

Almaniyanın Kansleri Olaf Şolts isə bildirib ki, Rusiyanın hücumundan sonra Ukraynanı yenidən qurmaq bir nəslin işi olacaq.
Kansler vurğulayıb ki, bu işə indidən başlamaq lazımdır. O, dünya ictimaiyyətini Rusiyanın təcavüzü nəticəsində dağılmış infrastrukturun bərpası üçün Ukraynaya genişmiqyaslı yardım göstərməyə çağırıb.
“Yeni Marşal Planı hazırlanmalıdır. Bu konfransın məqsədi XXI əsr üçün Marşal Planı yaratmaqdır. Avropa İttifaqının üzvü kimi Ukraynaya bağlılıq zəmanəmizin ən ardıcıl geosiyasi qərarlarından biridir”.

Olaf Şolts vurğulayıb ki, müharibənin hələ də davam etməsinə baxmayaraq, Ukraynanı bərpa etməyə indidən başlamaq lazımdır.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdən videobağlantı vasitəsilə konfrans iştirakçılarına müraciət edərək bildirib ki, Rusiya raketləri və İran pilotsuz təyyarələri artıq ölkəsinin enerji sektorunun üçdə birindən çoxunu məhv edib.
Eyni zamanda prezident, Ukraynanın ümumi məbləği 17 milyard dollar olan yardım proqramından hələ də “bir sent belə” almadığından təəssüflənib.

Ana səhifəDünya“Avropa İttifaqının məqsədi Rusiyanın aktivlərini müsadirə etməkdir”