Ramin Məmmədov özünü təqsirli bilmir
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Goranboy, Tovuz, Ağstafa, Şəmkir və başqa rayonlarda kənd təsərrüfatının inkişafı üçün ayırdığı 423 min avro vəsaitin bir hissəsini mənimsəməkdə ittiham olunan Ramin Məmmədovun məhkəməsi başlayıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham edilən Ramin Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Yanvarın 11-də hakim Səbinə Məmmədzadənin sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror Ziya Mansurov ittiham aktını elan edib. İttihama görə, Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin elan etdiyi qrant müsabiqəsinə layihə təqdim edib. Onun layihəsi qalib olub və Avropa İttifaqından layihənin icrası üçün 423 min avroluq qrant ayrılıb. Lakin Ramin Məmmədovun bu vəsaitin 364 min manatını təyinatı üzrə xərcləməyərək mənimsədiyi iddia olunur.
Cinayət işinin materiallarına əsasən, Ramin Məmmədov qrant müsabiqəsinə “Kənd İnkişafına Dəstək” İctimai Birliyinin adından müraciət edib. Bu qurum 2007-ci ildə yaradılanda Ramin Məmmədov onun təsisçilərindən biri olub. Lakin sonradan təşkilatdan kənarlaşdırılıb.
İndi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyilə yanaşı, “Kənd İnkişafına Dəstək” İctimai Birliyi də zərərçəkmiş qismində tanınıb. Təşkilatın nüfuzuna zərər vurulduğu iddia olunur.
Lakin təşkilatın nümayəndəsi yanvarın 11-də məhkəmədə çıxış edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib.
Təqsirləndirilən Ramin Məmmədov özü də prokurorun elan etdiyi ittihama münasibət bildirərkən orada yazılanları “şər-böhtan” adlandırıb. O vurğulayıb ki, özünü təqsirli bilmir.
Ramin Məmmədovun vəkili isə bildirib ki, müvəkkilinin təqsirsizliyini sübut edəcək bir sıra sənədləri uzun müddət əldə edə bilmirdilər. Həmin sənəd-sübutları indi alıblar və xarici dildə olduğu üçün onların tərcümə olunub, məhkəməyə təqdim edilməsinə vaxt lazımdır. Bu səbəbdən təklif edib ki, öncə zərərçəkmişlərin nümayəndələri, şahidlər dindirilsin, sonra Ramin Məmmədov özü də ifadə verər. Lakin məhkəmə buna razılaşmayıb. Əvəzində onlara müdafiə üçün hazırlaşmağa 1 aya yaxın vaxt verib.
Bu iş üzrə məhkəmə prosesi fevralın 6-na təyin olunub.