Avropa İttifaqı Tofiq Yaqublunun həbsindən təəssüfləndiyini bildirib

Tofiq Yaqublu. Foto: Meydan TV

“Amnesty International” təşkilatı da Azərbaycan hakimiyyətini Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb

Avropa İttifaqı (Aİ) müxalif siyasətçi Tofiq Yaqublunun məhkum edilməsindən təəssüfləndiyini bildirib.

“Aİ müxalifət lideri Tofiq Yaqublunun 9 il həbs cəzasına məhkum edilməsindən təəssüflənir. İnsanlar müxtəlif siyasi fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər”.

İttifaqın xarici işlər üzrə baş sözçüsü Anita Hipper martın 12-də “X” səhifəsində yazıb.

O yazıb ki, fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir.

“Amnesty International” təşkilatı da Azərbaycan hakimiyyətini müxalif siyasətçi Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə, fəallara qarşı “amansız təqiblərə” son qoymağa çağırıb.

“Tofiq Yaqublunun məhkum olunması Azərbaycanda hökuməti tənqid etməyə cəsarət edənləri susdurmaq üçün davam edən kampaniyanın daha bir acınacaqlı mərhələsidir”, – “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib.

Strazers Yaqublunun siyasi motivli ittihamlarla mühakiməsinin ədalətli məhkəmə prosesi ilə bağlı narahatlıqlarla yadda qaldığını əlavə edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

2023-cü ilin dekabrın 14-də həbs edilən müxalif siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (saxta sənəd hazırlama, istifadə etmə) olunurdu.

O, məhkəmədə son sözündə qeyd edib ki, həbsinin səbəbi siyasi fəaliyyəti ilə bağlıdır.

“Məqsədləri çox aydın və sadədir. Siyasi fəaliyyətimdən əl çəkməyimi və bu oğru, cinayətkar və qeyri-legitim hakimiyyəti ifşa etməyi dayandırmağımı istəyirlər. Dayandırmayacam!”- Tofiq Yaqublu deyib.

Siyasətçi həmçinin aprel ayının 1-dən etibarən aclıq aksiyasına başlayacağını bildirib.

“Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər. Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir. Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm”.

“Bu, təcrid olunmuş hal deyil, Azərbaycanda siyasi müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı sistematik təzyiqlərin bir hissəsidir. Ölkə hakimiyyəti dərhal və qeyd-şərtsiz Tofiq Yaqublunu azad etməli və dinc fəallara qarşı amansız təqiblərə son qoymalıdır”, –  Mari Strazers bildirib.

“Amnesty International” vurğulayıb ki, geosiyasi və iqtisadi maraqlar naminə Azərbaycanın repressiyalarına uzun müddətdir dözümlülk göstərən beynəlxalq ictimaiyyət bu insan hüquqları pozuntularına qarşı qəti və prinsipial mövqe nümayiş etdirməlidir.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.

Ana səhifəSiyasətAvropa İttifaqı Tofiq Yaqublunun həbsindən təəssüfləndiyini bildirib