Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir

Avropa İttifaqı və ABŞ. Foto: J_UK/shutterstock

Yekun qərarın bu gün qəbul olunacağı gözlənilir

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları qismən ləğv edəcək.

Bununla bağlı qərarın mətni mayın 19-u axşam saatlarında təşkilata üzv ölkələrin səfirləri tərəfindən ilkin olaraq razılaşdırılıb.

Yekun qərarın isə bu gün, mayın 20-də Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında qəbul olunacağı gözlənilir.

Aİ sanksiyaların əsasən Bəşər Əsəd rejiminə qarşı tətbiq edildiyini vurğulayıb.

Diplomatik mənbələr bildiriblər ki, Əsəd rejimi artıq mövcud deyil və Suriyada artıq siyasi keçid baş verib.

Buna görə də, Aİ Suriyanın gələcəkdəki siyasi və iqtisadi inkişafı üçün yeni bir yanaşmaya ehtiyac duyduğunu bildirib.

Fevral ayında Aİ Şurası Suriyada siyasi keçidi, sürətli iqtisadi bərpanı, yenidənqurma və sabitləşməni dəstəkləmək məqsədilə bu ölkəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirləri yalnız müvəqqəti olaraq dayandırmaq qərarına gəlmişdi.

Bu çərçivədə enerji (neft, qaz və elektrik də daxil olmaqla) və nəqliyyat sahələrinə aid sanksiyalar dayandırılıb, dörd bank və bir Suriya aviaşirkəti sanksiya siyahısından çıxarılıb.

Həmçinin Suriya Mərkəzi Bankına vəsait və iqtisadi resursların verilməsinə qoyulan qadağa da aradan qaldırılıb.

Bir sıra Aİ ölkələri Suriyada keçid prosesini dəstəkləmək üçün sanksiyaların ləğvinə daha qətiyyətli yanaşmanın vacibliyini vurğulayıblar.

Bir həftə əvvəl, mayın 13-də ABŞ Prezidenti Donald Tramp da Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv ediləcəyini bəyan etmişdi.

Ana səhifəDünyaAvropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir