Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda səfərdədir

Foto: Meydan TV

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.

O, səfəri ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib. Koşta bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözləyir.

“Bu gün Bakıda Prezident İlham Əliyevlə görüşü səbirsizliklə gözləyirəm”, – deyə o yazıb.

Koşta paylaşımında Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.

“Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşdır. Son bir ildə münasibətlərimizə yeni təkan vermişik”, – o qeyd edib.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

“Biz təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində münasibətləri daha da dərinləşdirməyə sadiqik. Həmçinin sürətlə dəyişən geosiyasi vəziyyət fonunda son hadisələri də müzakirə edəcəyik”, – Koşta paylaşımında bildirib.

Bu arada, martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər toplantısında Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensen bildirib ki, Aİ Rusiya qazından imtina etdiyi bir dövrdə Azərbaycandan tədarük olunan qazı Avropa üçün son dərəcə vacib hesab edir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə ötən gün Orta Dəhlizin Azərbaycan və Ermənistanı bir-biri və Avropa ilə əlaqələndirərək Cənubi Qafqazda ticarət və əməkdaşlığı genişləndirə biləcəyini deyib.

Siyasi şərhçilər isə qeyd edirlər ki, son aylarda Avropa rəsmilərinin Bakı ilə təmaslarında əsas diqqət enerji təhlükəsizliyi, qaz tədarükü və nəqliyyat dəhlizlərinə yönəlir. Onların fikrincə, Avropa üçün prioritet məsələlər enerji və logistika olduğu üçün Azərbaycanla münasibətlərdə insan haqları və siyasi azadlıqlar mövzusu əvvəlki illərlə müqayisədə daha az gündəmə gətirilir.

Ana səhifəSiyasətAvropa İttifaqı Şurasının prezidenti Azərbaycanda səfərdədir