Hazırda gündəmdə və müzakirədə olan əsas məsələ budur
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Praqa görüşündə ruslar üçün vizaların verilməsini sərtləşdirə bilər.
Söhbət turist vizalarına daha geniş qadağa qoyulmasından gedir.
Hələliksə bununla bağlı hər hansı rəsmi razılıq yoxdur.
Ukraynada altı aydır ki, davam edən müharibə Aİ-nın xarici siyasət prioriteti olaraq qalır.
Hazırda isə gündəmdə olan və müzakirə edilən mövzü ruslara viza qadağasıdır.
29-30 avqust tarixlərində Praqada keçirilən görüşdə blokun müdafiə nazirləri, həmçinin Ukrayna üçün Aİ hərbi təlim missiyasının yaradılması variantlarını müzakirə edir.
Bir neçə Aİ ölkəsi bir müddətdir ki, Ukrayna qoşunlarına təlim keçir.
Onlara Rusiyanın işğalı ilə mübarizədə verilən silahlardan istifadə qaydalarını öyrədir.
Aİ diplomatları müdafiə nazirlərinin görüşündən əvvəl “Reuters” agentliyinə bildiriblər ki, Aİ-nin təlim proqramının harada olacağı dəqiq məlum deyil.
Avqustun 29-da Aİ diplomatı bildirib ki, xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması ilə bağlı prinsipial razılığa gələ bilərlər. Bu, rusların Aİ vizaları üçün 35 avro əvəzinə 80 avro ödəyəcəkləri və həmçinin daha uzun prosedurla üzləşəcəkləri deməkdir.
“Xarici işlər nazirlərinin görüşü nəticəsi, yəqin ki, vizalar daxil olmaqla, sanksiyaların genişləndirilməsinə dair razılaşma olmayacaq”, – diplomat jurnalistlərə bildirib.
O əlavə edib ki, viza sadələşdirilməsi sazişi barədə qərar ola bilər:
“Biz vizaların sanksiyalara necə daxil edilməsi barədə danışacağıq”.
Çexiya ruslara müntəzəm viza verilməsini dayandırıb.
Rusiyalı turistlər üçün Aİ miqyasında viza qadağasına təkan verib.
Bu ideya əsasən Baltikyanı ölkələr tərəfindən dəstəklənir.
Bununla belə, Almaniya, bəzi digər üzv ölkələr və blokun xarici siyasət və təhlükəsizlik üzrə rəhbəri Josep Borrell belə bir addımın Aİ qaydalarını poza biləcəyini və rusiyalı müxaliflərin qaçış yollarını kəsə biləcəyini iddia edərək, buna qarşı çıxıb.
Aİ xarici işlər nazirlərinin iclaslarına sədrlik edən Borrell Avstriya milli televiziyasına deyib ki, o Rusiyanın mülki əhalisi ilə münasibətləri kəsməyin kömək edəcəyini düşünmür: “İdeyanın lazımi yekdilliyə sahib olacağını da düşünmürəm”.
Çexiyanın Baş naziri Petr Fiala bazar ertəsi Almaniya kansleri Olaf Scholz ilə görüşdən sonra deyib ki, Rusiya müxalifəti və ya insan haqları xadimləri üçün nəzərdə tutulan güzəştlər istənilən viza qadağasının bir hissəsi ola bilər.
Avqustun ortalarında Estoniya sərhədini əvvəllər verilmiş vizaları olan 50 mindən çox rusiyalı üçün bağlayıb. Estoniya Aİ-də bunu edən ilk ölkə olub.
Ukrayna Prezidenti Volodimir Zelenski bu ayın əvvəlində Qərbi ruslara səyahət qadağası qoymağa çağırıb və bu çağırışla Moskvanın qəzəbinə tuş gəlib.