“Yaşıl enerji” və kömürdə artım planlaşdırılır
Avropa İttifaqı Rusiya asılılığına son qoymaq üçün “yaşıl enerji”də kütləvi artım planlaşdırır. Söhbət günəş və külək enerjisindən gedir. Eyni zamanda, kömür üçün də qısamüddətli artım planlaşdırılır.
Avropa Komissiyası isə öz növbəsində hesablayıb ki, Rusiyadan qalıq yanacaq alışının dayandırılması üçün növbəti beş il ərzində əlavə 210 milyard avroya ehtiyac var.
Mayın 18-də açıqlanan planda Avropa Komissiyası bildirib ki, Aİ-nin növbəti beş il ərzində Rusiyadan qalıq yanacaq alışını mərhələli şəkildə dayandırması və “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün əlavə 210 milyard avro (178 milyard funt sterlinq) tapması lazımdır.
Avropanın yüksək vəzifəli məmurları isə etiraf edir ki, qısa müddətdə Rusiya qazından çıxmaq yarışı daha çox kömür və nüvə enerjisi yandırmaq deməkdir.
Komissiya Aİ-nin enerji ehtiyacının 45 faizinin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən əldə edilməsini təklif edib. Bu da bir il öncə təklif edilən 40 faizlik hədəfə qarşı irəliləyişdir.
Rəsmilər həmçinin 2030-cu ilədək enerji istehlakını (2020-ci illə müqayisədə) 13 faiz azaltmaq istəyirlər. Bu da mövcud 9 faiz qənaət təklifi ilə müqayisədə irəliləyiş deməkdir.
“Aydındır ki, biz bu asılılığa son qoymalıyıq. Bunu isə müharibədən əvvəl nəzərdə tutduğumuzdan daha sürətli şəkildə həyata keçirməliyik”, – AB rəsmisi Frans Timmermans belə deyib.
O, külək stansiyaları və günəş panelləri də daxil olmaqla yeni enerji infrastrukturuna xərcləmək üçün 210 milyard avro tapılması çağırışından fərqli olaraq, Aİ-nin Rusiyanın qalıq yanacaqlarına ildə 100 milyard avro xərclədiyini söyləyib:
“Keçid prosesini sürətləndirmək o deməkdir ki, pul Avropada qala bilər. Avropalı ailələrin enerji xərclərini aşağı salmağa kömək edə bilər və Ukraynadakı bu vəhşi müharibəni maliyyələşdirmək üçün istifadə edilməz”.
Aİ strategiyasında deyilir ki, Rusiya qazının idxalının dayandırılması kömürlə işləyən elektrik stansiyalarının əvvəl gözlənildiyindən daha uzun müddət istifadə oluna biləcəyi deməkdir.
Rusiya qazından imtina istəyi həm də Avropanın ABŞ və Qətər kimi ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) və Azərbaycandan boru kəməri qazı idxalını artırmaq fikirlərini gündəmə gətirib.
Komissiya bildirib ki, AB-yə üzv dövlətlərə qeyri-rus yanacaqlarına keçmək üçün LNG terminallarının tikintisi və neft zavodlarının təkmilləşdirilməsi üçün lazım olan əlavə 210 milyard avronun təxminən 6 faizini – 12 milyard avroya qədər xərcləməli olacaq.
Timmermans Aİ-nin hələ də 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfinə çata biləcəyini söyləyib.
“Siz kömürdən bir az daha uzun müddət istifadə edə bilsək və istehlakı bərpa olunan enerji mənbələrinin daha sürətli tətbiqi ilə birlikdə, emissiyalarımızı əvvəlkindən daha tez azaldarıq”.
Avropa Parlamentinin ətraf mühit komitəsinin sədr müavini, niderlandlı deputat Bas Eickhout komissiyanın üzv dövlətlərin qalıq yanacaq infrastrukturunu maliyyələşdirməyə davam etmələri üçün qapını açıq qoyduğunu söyləyib.
“Enerji səmərəliliyi və bərpa olunan mənbələr üçün təcili ehtiyac duyulan sərmayələr hələ də yeni boru kəmərlərinə və terminallara axıda bilər. Bu, bizim qalıq enerjidən asılılığımızı davam etdirə bilər”, – o deyib.
Yaşıl kampaniyaçılar yeni qaz infrastrukturu üçün yaşıl işığı tənqid etməklə yanaşı, Yaxın Şərq və Qafqazda insan haqları göstəriciləri zəif olan dövlətlərdən LNG əldə etmək planlarından narahat olduqlarını bildirib.
Bərpa olunan enerjini sürətləndirməyə kömək etmək üçün Aİ şirkətlərin külək və günəş fermalarının tikintisini asanlaşdırmaq istəyir.
Səlahiyyətlilər, külək elektrik stansiyaları üçün icazə almaq doqquz, günəş üçün isə dörd il çəkə biləcəyini söyləyib:
“Bu, bizim üçün uzun müddətdir. Planlaşdırma qanunlarında hər hansı dəyişiklik milli və yerli hakimiyyət orqanlarından hərəkət tələb edir”.
Avropa İttifaqı Rusiyadan neft və qaz idxalını azaltmağın yollarını axtarır.
Səbəb Rusiyanın fevralın 24-dən bu yana Ukraynaya hərbi müdaxiləsidir.
Həmin gündən bu yana Avropa ölkələri, Amerika, Kanada Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.
Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.