Avropa İttifaqı İrana yeni sanksiya tətbiq edə bilər

Avropa İttifaqı və İran. Foto: MMES Studio/shutterstock

Sanksiya paketi nümayişçilərə qarşı repressiyaya yol verən şəxs və qurumları əhatə edəcək

Avropa İttifaqının xarici işlər nazirləri dinc nümayişlərin amansızcasına yatırmasına görə, İrana qarşı sanksiyalar paketini təsdiq edəcəklərini açıqlayıb.

Avropa İttifaqının baş diplomatı Josep Borrell Brüsseldə nazirlərin görüşünə gələrkən jurnalistlərə deyib ki, nümayişçilərin repressiyasına görə məsuliyyət daşıyan şəxslərə qarşı daha bir sanksiya paketini təsdiqləyəcəklər.

Onun sözlərinə görə, sanksiyaların yeni mərhələsində ən azı 30 fiziki və hüquqi şəxs aktivlərin dondurulması və səyahət qadağaları ilə hədəf alınacaq.

Yeni sanksiyaların tətbiqi qərarı həm İranda əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölən 22 yaşlı Məhsa Əmininin, həm də İranı bürüyən sonrakı nümayişlərə şiddətli reaksiyaya görə 15 iranlı şəxs və quruma tətbiq edildikdən bir ay sonra verilib.

Josep Borrel. Foto: “European Parliament”

Sanksiyalar əxlaq polisini və onun iki əsas fiqurları Məhəmməd Rostami və Hajahmad Mirzaei, eləcə də İran Hüquq-Mühafizə Xidmətləri (LEF) və bir sıra yerli rəhbərləri hədəf alıb.

Ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur da internetin bağlanmasına görə məsuliyyətə cəlb edilib.

Borrell bildirib ki, o, noyabrın 13-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahianla sanksiyaları və Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA kimi tanınan nüvə sazişini müzakirə edəcəklər.

Tehranın cavab tədbirləri ilə qarşılanacağı ehtimal edilən sanksiyaların yeni mərhələsinin JCPOA müzakirələrini təhlükə altında qoya biləcəyi ilə bağlı suala Borrell deyib ki, “İran heç də yaxşı yolda deyil, dalana dirənib, lakin yenə də işlərini davam etdirir”.

Diplomat qeyd edib ki, onlar İranın dayandırmalı olduğu Rusiyaya hərbi dəstəyini də müzakirə ediblər: “Blokda İranın Ukraynada istifadə olunan pilotsuz təyyarələri Moskvaya tədarük etdiyinə dair “aydın sübutlar” var”.

Fransa Prezidenti Emmanuel Makron isə Aİ-nin İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat təsnifatına salması ehtimalından danışıb.

O deyib ki, bir neçə nəfər olaraq Pasdarana (İİKK) və rejimdəki şəxslərə hədəfli sanksiyalara çağırıblar.

İrandakı uzunmüddətli etiraz aksiyaları 22 yaşlı Məhsa Əmininin guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanması və ölümündən sonra başlayıb. Beləliklə, ölkənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Tehranda etirazlar başlayıb.

Qadınlar bu etirazlarda saçlarını kəsib, baş örtülərini açıb. Hazırda da bu etirazların davam etdiyi bildirilir.

Ana səhifəSiyasətAvropa İttifaqı İrana yeni sanksiya tətbiq edə bilər