Avropa İttifaqı Azərbaycan və Türkiyədən qazla bağlı sübut tələb edir

Rusiya qazı. Foto: Victoria Viper B/shutterstock

Azərbaycan və Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının ötürülmədiyini sübut etməlidir.

Aİ-nin rəsmi jurnalında dərc olunan yeni qaydalara əsasən, hər iki ölkə Bolqarıstan sərhədində yerləşən “Stranja-1/Malkoçlar” kompressor stansiyalarından birindən tədarük olunan qazın qeyri-Rusiya mənşəli olduğuna dair sübutlar təqdim etməli olacaqlar.

Yaxınlıqda yerləşən “Stranja-2/Malkoçlar” stansiyası əvvəllər Şərqi və Mərkəzi Avropa ölkələrinə rus qazı tədarük edən “Türk axını” qaz kəmərinin dəniz hissəsinin quru davamıdır.

Avropa Birliyinin Şurası qeyd edib ki, yaxın zamana qədər bu marşrutlar üzrə rus yanacağının əhəmiyyətli həcmləri tədarük olunurdu ki, bu da ittifaqın rus enerji mənbələrindən tədricən imtina strategiyasına ziddir. Tənzimləmə qazın mənşə ölkəsinin Rusiya olmadığına dair “şübhəsiz sübutlar”ın təqdimini tələb edir.

Martın 1-dək üzv dövlətlər qaz təchizatçılarını dəyişdirmək üzrə milli planlar hazırlamalı və rus idxalının mərhələli dayandırılması ilə bağlı ola biləcək çağırışları aşkar etməlidirlər.

Avropa səlahiyyətliləri vurğulayıb ki, Rusiya enerji resurslarının, o cümlədən maye təbii qazın və neftin davamlı idxalı regionun enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Daha əvvəl Aİ rəhbərliyi Rusiya qazının tranzitinin qadağan edilməsini təsdiqləyib, onun tam dayandırılması 2027-ci ilin əvvəlinə nəzərdə tutulub. Sərbəst buraxılan bazar payının, proqnozlaşdırıldığı kimi, Norveç, Amerika Birləşmiş Ştatları, Yaxın Şərq, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında bölüşdürüləcəyi gözlənilir.

 Rusiya 2022-ci ildə başlatdığı Ukrayna müharibəsinə qədər Aİ-nin qaz tədarükünün 40%-dən çoxunu təmin edirdi. 2025-ci ildə bu pay təxminən 13%-ə düşüb.

Aİ-nin Rusiya qazından asılılığını azaltması fonunda Azərbaycanın qaz ixrac etdiyi Aİ ölkələrinin sayı artıb. Bu ilin yanvarından etibarən Azərbaycan qazını alan Aİ ölkələrinin sayı 10-a çatıb.

Ana səhifəSiyasətAvropa İttifaqı Azərbaycan və Türkiyədən qazla bağlı sübut tələb edir