”Avropa, İslam oyunlarının, Formula-1-in şotunu qoyurlar camaatın boynuna”

Tarif Şurası noyabrın 28-də qaz və işığın qiymətini artırdı. “Facebook” əhlinin buna reaksiyası necə oldu? Kim nədən yazdı?

Source:
Karikaturaçı Gündüz Ağayevin Azadlıq Radiosu üçün çəkdiyi əsər
Karikaturaçı Gündüz Ağayevin Azadlıq Radiosu üçün çəkdiyi əsər

Tarif Şurası noyabrın 28-də qaz və işığın qiymətini artırdı. “Facebook” əhlinin buna reaksiyası necə oldu? Kim nədən yazdı?

İqtisadçı Natiq Cəfərli yazıb ki, təqribi hesablamalara görə, hökumət son qiymət artımında camaatdan əlavə 300 mln. manata yaxın vasait qoparacaq.

“Hökumət 2017-də İslam Oyunları və Formula-1 yarışlarına 317 mln. manat xərcləycək. Nə “xoş” təsadüfdür, deyilmi?!”

Zümrüd Cavadova adlı istifadəçi təklif edir ki, Tarif Şurasının adı dəyişdirilib, “Gecə Şurası” qoyulsun.

Jurnalist Müşviq Cabbar ümid edir ki, prezidentin Tarif Şurasından xәbәri yoxdur: “Axı onun heç nәdәn xәbәri yoxdur, hamısını mәmurlar edir”.

İqtisadçı Samir Əliyev qaldığı oteldə pəncərələri bağlayıb, işıqları söndürüb. Bunun səbəbini soruşan otel menecerinə “sizi xilas edirəm”, – cavabını verib.



“Bunu heç bir vicdansız alverçi etməzdi, sən etdin”

Sevda Səfər Əli adlı istifadəçi yazır ki, oturub Trumpun dərdini çəkirdik, Tarif Şurası hər şeyi unutdurdu.

İqtisadçı Qadir İbrahimlinin fikrincə, maya dəyəri 4,7 qəpiyə başa gələn qaz əhaliyə 20 qəpiyə satılır: “”Yol əhvalatı” filmində rəhmətlik Siyavuş Aslanın məşhur ifadəsi yada düşür: Bunu heç bir vicdansız alverçi etməzdi, sən etdin”.

Fotoqraf Orxan Əzim təklif edir ki, Tarif Şurasının adı Ginnesin rekordlar kitabına salınsın. Çünki dünyada heç bir qurum axşamlar işləmir, bircə Tarif Şurasından başqa.



“2017: Çörəyin arasına çörək, yorğanın üstünə yorğan ili”

(embedded content removed)

Hüquqşünas Fariz Namazlı yazır: “Deyilənə görə, Tarif Şurası qaz, işıq qiymətlərini qaldırıb. Niyə deyilənə görə? Hərçənd Tarif Şurasının qərarını oxudum, a tova, bir şey kəsdirə bilmədim. Bunlar bilinmir ki nə deyirlər, nə yazırlar. Bircə başa düşdüm ki, bizim Şura hökümətində oturanlar nədənsə narazıdırlar. Ona görə də şələ- şüləni yığıb köçəyin kəndlərə, odun peçini qalayıb oturağın isti peçin qırağında. Nə işıq pulu ver, nə də qaz pulu. Həyətdə saxladığımız qaza ki rüsum yoxdur. Özü də soyuq vaxtlardır, qaz ətinin dadı daha yaxşı olur. Yeni qazlarla ölkəni inkişafa aparaq”.

Cavid Hacıbəyli adlı istifadəçi isə yazır ki, 2017-ci il çörəyin arasına çörək, yorğanın üstünə yorğan ili olacaq.

“Bura erməni kilsəsidir”

Jurnalist Rəşad Babalı sual edir: “Evlərə erməni kilsəsi statusunu hansı orqan verir görən?”

Jurnalist Mirmehdi Ağaoğlu isə yazır ki, Xoşqədəm insaflı idi, yarım kub demişdi, bunlar 1500 kub vururlar.

Bloqqer Mehman Hüseynov fərqli çarə tapıb. Qapısının üstünə “bura erməni kilsəsidir” yazıb. Deyir, bəlkə bu yolla qazdan pul ödəmədən istifadə edə bilər:

“Vallah başqa çarəmiz qalmayıb. Qaz və işıqpulu yenə qalxıb. Qırılası deyilik ki, bir təhər yaşamalıyıq… Götürdüm evimizin qapısının girişində yazdım “Erməni kilsəsi”. Bəlkə bu yazını görüb işıq və qaz pulu yığanlar bizim evdən aralı gəzələr, qapıya yaxın durmazlar. Çünki bizim hökümət ermənilərə daha çox dəyər verir, onların qayğısına qalır, onları pulsuz qaz ilə təmin edir amma yerli vətəndaşlarımızı düşünən yoxdur. Camaatın cibində 1 tikə çorəkpulu olmadığı vaxtda durub utanmaz-utanmaz qazın, işığın pulunu qaldırıblar. Bu xalqımıza qarşı edilən hörmətsizlikdir!”



“Çıxış yolu – səmimi islahatlardan və korrupsiyaya qarşı sərt mübarizədən keçir”

REAL sədrinin müavini Azər Qasımlı yazır ki, dünya bazarında neftin qiyməti düşəndə İlham Əliyev demişdi, Azərbaycan xalqı bunu hiss etməyəcək. Biz də həmin ərəfədə demişdik ki, biz bir xalq olaraq bunu hiss etmək istəyirik:

“Əgər dünya bazarında neftin qiyməti düşübsə, demək başqa ölkələrdə olduğu kimi bizdə də ən azı benzinin qiyməti düşməli idi. Bu gün benzinin qiyməti nəinki düşməyib, tam əksinə manatın dəyərdən düşməsi nəticəsində hər şeyin qiyməti qalxıb. Maaşdan başqa hər şeyin! Neft pullarını dağıdan və bu gün xalqın cibinə girən hakimiyyət qazın və işığın da qiymətini artırdı. Vəziyyətdən çıxış yolu – səmimi islahatlardan və korrupsiyaya qarşı sərt mübarizədən keçir. Bunu isə hakimiyyətdə olmayan və korrupsiyaya bulaşmayan təmiz və dürüst insanlar edə bilər”.

Hüquqşünas Aslan İsmayılov da qazın qiymətinin iki dəfə, işığın isə 50 faizdən çox qaldırıldığını yazıb. Deyir, məqsəd boş büdcəni insanların hesabına doldurmaqdır:

“Differensiasiya, hesablamalar, rəqəmlər sadəcə bəhanədir. Özü də yenə aztəminatlılar hesabına. Niyəsini Hüseyn Arabulun aqibəti göstərdi. Məhz yüksək çinli məmurlardan işıqpulu tələb etdiyinə görə onun sonuna çıxdılar. Min kvadratmetrlərlə villaları, akvaparklardan tutmuş, vəhşi heyvanlarla dolu hektarlarla bağ sahələrinə kimi olanlar onsuz da işıq, qaz pulu ödəmirlər. Doğrudanmı başa düşmürlər ki, insanları soğan kimi soymaqla büdcə dolmaz. Ən dəhşətlisi isə odur ki, bu qiymət artımını durduracaq bir dənə də addım atılmır”.

Bloqqer Mehman Hüseynov belə etiraz etdi
Bloqqer Mehman Hüseynov belə etiraz etdi



“Camaat qazı oğurlayıb aparıb qonşu ölkələrdə satır, sonra özlərinə ördək alırlarmış”

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban isə yazır ki, İTV əsl xalq kanalı imiş:

“Bir nəfər ekspert deyir ki, Azərbaycanda qaz Gürcüstandan, Türkiyədən və Qırğızıstandan nə qədərsə bahadır və bu israfçılığa gətirib çıxarır. Elə bil camaat qazı oğurlayıb aparıb qonşu ölkələrdə satıb, sonra özlərinə ördək alırlarmış…”.

Tarixçi alim Altay Göyüşov isə yazır ki, neft pullarını dağıdıb, daşıyıblar xaricə: “İndi də Avropa, İslam oyunlarının, Formula-1-in şotunu qoyurlar camaatın boynuna. İşıqla, qazın qiymətini qaldırdılar”.

Ana səhifəXəbərlər”Avropa, İslam oyunlarının, Formula-1-in şotunu qoyurlar camaatın boynuna”