Anası: ”Əlini, ayağını bağlayıb, üzünü və başını infeksiyalı aparatda qırxıblar”
Qaydasız döyüş üzrə Avropa çempionu Azad Məmmədov həbsdə aclıq aksiyası keçirir. Bunu Meydan TV-yə açıqlamasında məhbusun anası Həcər Maqsudi deyib. Ana deyir ki, oğlu cəzasının 8 ilini çəkib, azadlığa çıxması üçün 2 il qalmış otağından telefon tapılıb. Buna görə də ona əlavə 2 ay yarım iş kəsilib:
“Oğlum həm buna, həm də haqsız yerə həbs olunmasına etiraz olaraq fevralın 26-da Kürdəxanı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Onunla martın 13-də görüşə bilmişəm. Dəhşətə gəldim. Həbsdə olduğu 8 ildə oğlumu bu cür görməmişdim. Bu vaxta qədər narazılığını eşitməmişdim. İndi elə bil ortadan bölmüsən, yarısı yoxdur. Ağzı quruyub, dodaqları qaysaq bağlayıb. Ağzının kənarlarında, başında yaralar var idi”.
Ana görüşdən pərişan halda ayrıldığını deyir:
“Əlini və ayağını bağlayıb, üzünü və başını infeksiyalı aparatda qırxıblar. Bilərəkdən həmin aparatdan istifadə ediblər. Bu da yaralara səbəb olub”.
O, 15 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Vüqar Mahmudovun oğlunu ölümlə hədələdiyini deyir:
“Rəis müavini oğlumun əlindən pullarını alıb yan-yörəsindəkilərə paylayıb. Oğlumu ələ salandan sonra yenidən qaytarıb pullarını. Sən necə dövlət məmurusan? Sən onun timsalında xalqını, millətini ələ salırsan”.
Həcər Maqsudi oğlunun qanunsuz olaraq həbs edildiyini düşünür:
“Əvvəlcə qanunsuz silah saxladığını deyirdilər. Ancaq onun icazəsi vardı. Qanunsuz heç nə yox idi. Sonra isə oğlumu dələduzluq maddəsi ilə tutdular”.
Meydan TV bununla bağlı iki gündür Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.
Qaydasız döyüş üzrə Avropa çempionu Azad Məmmədov 2009-cu ildə həbs edilib, 2010-cu ildə dələduzluq maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.