“Regiondakı humanitar vəziyyət diqqətimizdədir”
Avropa Birliyi Cənubi Qafqazda dayanıqlılığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən vətəndaşlara kömək məqsədilə 10 milyon avroluq humanitar yardım ayırır.
Qurumun rəsmi saytında bu barədə məlumat
verilib
. Bildirilir ki, 2020-ci ilin sentyabrında döyüşlərin başlamasından sonra Avropa İttifaqının ehtiyacı olan şəxslərə ayırdığı məbləğin həcmi 17 milyon avronu keçir.
AB-nin Böhran İdarəetmə Komissarı Yanez Lenarçiç (Janez Lenarčič) bildirib ki, COVID-19 pandemiyasının yayılması münaqişənin təsirini daha da artırıb. Buna görə də regiondakı humanitar vəziyyət qurumun diqqətindədir.
“Avropa Birliyi münaqişədən zərərçəkən şəxslərin əsas ehtiyaclarını qarşılamaq və öz həyatlarını yenidən qurmaq üçün onlara olan dəstəyi əhəmiyyətli dərəcədə artırır".
Qurumun Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi (Olivér Várhelyi), deyib ki, ötən il söz verdikləri kimi, bu gün münaqişədən ən çox təsirlənən insanlara əlavə yardım təqdim edirlər. Onun sözlərinə görə, dəstəkləri bununla bitməyəcək. AB tərəfindən ayrılan maliyyə qida məhsulları, gigiyena və ev təmizliyi vasitələri, tibbi xidmət də daxil olmaqla ilkin yardım göstərilməsinə imkan verəcək. Bildirilir ki, yardım, məcburi köçkünlər, repatriantlar və ev sahibi icmalar da daxil olmaqla, münaqişədən zərərçəkən ən həssas insanlara fayda gətirəcək.