Avropa Birliyi liderləri üç gündür vəzifə uğrunda mübarizə aparır

Avropa Komissiyası Avropa Birliyi ölkələrinin büdcələrinə nəzarət edir, blokun rəqabət gözətçisi kimi çıxış edir və üçüncü ölkələrlə ticarət müzakirələrini aparır.


28 ölkənin lideri ortaq məxrəcə gəlməyə çalışdıqları bir vaxtda danışıqların başlanğıcı 4 saat gecikib

Bölünmüş və yorulmuş Avropa Birliyi liderləri üçüncü gündür ki, təşkilatda əsas postlar uğrunda mübarizə aparırlar, – “Reuters” belə xəbər verir.

Onlar həmrəyliyə çağırış etsələr də, mövqelərindəki parçalanmalar açıq-aydın hiss edilir.

28 ölkənin lideri ortaq məxrəcə gəlməyə çalışdıqları bir vaxtda danışıqların başlanğıcı 4 saat gecikib. Məqsəd isə ayrıca məsləhətləşmələr üçün daha çox vaxt əldə etmək olub.

Diplomatik mənbə deyib ki, sonrakı mərhələdə razılaşmanın əldə edilməsi baxımından gecikmə yaxşı əlamətdir.

Parçalanmış blokda liderlər siyasi əlaqələri, müxtəlif bölgələrin fərqli maraqlarını, bu ilin sonunda boşalacaq beş yüksək postu doldurmaq üçün lazım olan qadın siyasətçilərin əksikliyini müzakirə edirlər.

"Onların bir qədər dəyişməli olduğunu hər kəs anlamalıdır. Bunu hər kəsə söyləyirəm. Yalnız dəyişiklikdən sonra müqavilənin imzalanmasına nail olmaq mümkündür”, – Almaniyanın kansleri Angela Merkel belə deyib.

İyulun 1-də İtaliya ilə keçmiş kommunist Şərq ölkələri hollandiyalı Frans Timmermansın Avropa Komissiyasının prezidenti postunu tutmasına mane olublar. Ümumiyyətlə, Şərqi Avropa müxalifəti, Xorvatiya və İrlandiya kimi ölkələrin sağ mərkəzçi liderləri sosialistlərin şanslarını məhdudlaşdırıblar.

Avropa Komissiyası Avropa Birliyi ölkələrinin büdcələrinə nəzarət edir, blokun rəqabət gözətçisi kimi çıxış edir və üçüncü ölkələrlə ticarət müzakirələrini aparır.

Komissiya sədri iqlimdən miqrasiyaya qədər, dünyanın ən böyük iqtisadi blokunun və onun 500 milyon əhalisinin iqtisadi siyasətini formalaşdırır.

Digər bölüşüdürülməli vəzifələr arasında Avropa Parlamentinin və Avropa Mərkəzi Bankının yeni rəhbərləri, blokun yüksək diplomatları və Avropa Birliyi sammitlərinin sədri də var.

Qərarvermə prosesində baş verənlər Avropa Birliyinin Moskvanın təsir dairəsində olan Qərbi balkanlardan yeni üzvlər alıb-almayacağına dair şübhələr doğurur.

İtaliyanın Baş naziri Cizeppe Konte (Giuseppe Conte) deyib ki, o, Avropa Komissiyasının növbəti rəhbərinin qadın olmasına üstünlük verir.

Diplomatik mənbələrə görə, namizədlər arasında Almaniyanın müdafiə naziri Ursula fon der Leyen (Ursula von der Leyen) Dünya Bankının bolqar rəhbəri Kristalina Georgieva və Avropa Birliyinin mövcud rəqabət üzrə komissarı, danimarkalı Marqaret Vestaqer (Margrethe Vestager) var.

Konte həmçinin 2019-cu ilin büdcə kəsirinin ümumi daxili məhsulun 2,04% -ə düşməsini vurğulayaraq, İtaliyanı Avropa Birliyinin ölkənin böyük borcları ilə bağlı hər hansı bir tədbir görməsi kimi mümkün təhlükəsindən kənarlaşdırıb.

Avropa Komissiyası bu məsələni çərşənbə günü müzakirəyə çıxaracaq.

Ana səhifəDünyaAvropa Birliyi liderləri üç gündür vəzifə uğrunda mübarizə aparır