"Sərhəddə baş verən son hadisələr təhlükəli və həyəcanvericidir"
"Avropa Birliyi, Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırır və sərhəddəki vəziyyətin həllində də köməyi təklif edir".
Bu fikirlər Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin sözçüsü Peter Stanonun yaydığı açıqlamada yer alıb.
Xəbəri "Turan" yayıb.
Avropa Birliyi sərhəddə baş verən gərginliyi təhlükəli adlandırıb: "Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən son hadisələr təhlükəli və həyəcanvericidir. Avropa Birliyi hər iki tərəfi hər hansı hərbi yerləşdirmədən çəkinməyə çağırır. Bütün qüvvələr 12 Maydan əvvəl tutduqları mövqelərə çəkilməlidir. Hər iki tərəf sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda iştirak etməsi vacibdir".
AB, eyni zamanda Azərbaycanı bütün hərbi əsirləri və məhbusları dərhal sərbəst buraxmağa çağırıb: "Mümkün beynəlxalq müşahidə missiyasının yaradılması təklifini və gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq".
"AB sərhədlərin delimitasiyası və demarkasiyasında ekspert dəstəyi və yardım göstərməyə, etimad yaratmaq üçün lazımi səyləri dəstəkləməyə hazırdır" – açıqlamada qeyd olunur.