Qərarın ilin sonunda, “Avropa qışı” zamanı verilə biləcəyi gözlənilir
Avropanın Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istədiyi bildirilir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr bildirir ki, Avropa rəsmiləri bununla bağlı Kiyevlə danışıqlar aparırlar.
Onlar müharibənin qitənin enerji təchizatına daha da zərər vurmasının qarşısını almaq üçün qazın Rusiya-Ukrayna boru kəməri ilə aparılmasında maraqlıdırlar.
Avropa Rusiya qazından imtina etməyə çalışsa da, bir sıra Şərqi Avropa dövlətləri onu Ukraynadan keçən boru kəməri vasitəsilə almağa davam edirlər. Bu tranzit razılaşmasını əhatə edən müqavilənin müddəti bu ilin sonunda başa çatır.
Rusiya ilə Ukrayna arasında müharibə getdikcə şiddətləndiyi bir vaxtda əksər bazar müşahidəçiləri qazın bir gün dayanacağını gözləyirlər. Lakin Avropa hökuməti və şirkət rəsmiləri Ukraynadakı həmkarları ilə qaz axınının gələn il necə davam etdirilməsi barədə müzakirələr aparırlar.
Hazırda müzakirə olunan variantlardan biri Avropa şirkətlərinin Azərbaycandan aldıqları qazın Rusiyanın boru kəmərləri vasitəsilə daşınmasıdır.
Bir çoxları hesab edir ki, belə bir tənzimlənmə Avropaya Moskvanın gəlirlərini azaltmağa çalışdığı bir vaxtda Rusiya qazını almaqdan çəkinməyə imkan verəcək.
Həmçinin bu variantın Ukraynanın lehinə olacağı aydınlaşdıqca ideya daha da güclənir.
Ukraynanın tranzit gəlirləri 2021-ci ildə təxminən 1 milyard dollar təşkil edib.
Bu variant isə müharibədən zərər çəkmiş iqtisadiyyat üçün mühüm maliyyə təmin edə bilər.
Bununla yanaşı, istifadə edilməmiş boru kəmərlərinin hərbi hədəflərə çevrilə biləcəyi avropalılarda narahatlıq yaradır.
Ukraynanın Dövlət Naftogaz Şirkətinin icraçı direktoru Aleksey Çernışov məsələ ilə bağlı “Bloomberg”ə danışıb.
“Bizim həmişə yadda saxlamalı olduğumuz iki amil var: biri odur ki, Ukraynanın inanılmaz tranzit və qaz saxlama infrastrukturu var, ondan istifadə edilməlidir və Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki bu, çoxlu üstünlüklər gətirir”, – deyə o bildirib.
Çernışov Rusiyanın “Qazprom” şirkəti ilə işləməyi nəzərdə tutan hər hansı bir planın olmadığnı da qeyd edib.
O vurğulayıb ki, Azərbaycandan qaz gətirilməsi bir qədər uzun çəkə bilər, amma gələcək üçün faydalı olacaq.
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) mövzu ilə bağlı “Bloomberg”in sorğusuna cavab verməyib.
Yeri gəlmişkən, Rusiya hökuməti və “Qazprom” da sorğuya şərh verməkdən imtina edib.
Nəşrin yazdığına görə, Azərbaycan qazından istifadə planı nəzəri cəhətdən Rusiyanın xeyrinə ola bilər. Belə ki, bu, Moskvaya öz qazını svop mexanizmi kimi (ing. swap – dəyişmə, mübadilə.- red) başqa yerə göndərməyə imkan verəcək.
Xəbərdə deyilir ki, Rusiya yanacaq üçün kifayət qədər yeni müştərilər tapmaqda çətinlik çəkir. Mübadilə ideyası isə neft və qaz bazarlarına yad deyil və yanacağın fiziki olaraq bir yerdən digərinə çatdırılması mümkün olmadıqda istifadə olunur.
Bundan başqa, qeyd olunur ki, mübadilə müvəqqəti həll yolu ola bilər, çünki Azərbaycanın hazırda ehtiyat qaz hasilatı yoxdur və artıq Avropaya boru kəməri sistemindən tam gücü ilə istifadə edir.
Xəzəryanı ölkə (Azərbaycan) Avropaya ixracı artırmağa çalışır, lakin böyük artım infrastrukturun təkmilləşdirilməsi və yeni uzunmüddətli müqavilələr tələb edir.
Bildirilir ki, danışıqlar ilkin mərhələdədir və bu məsələ ilə bağlı qərarlar yalnız ilin sonuna doğru – Avropa qışının başlamasından sonra təzyiqlər fonunda verilə bilər.
Məlumatda vurğulanır ki, hazırda Almaniya tərəfindən milliləşdirilən qaz nəhəngi “Uniper SE” müzakirələrə cəlb olunub.
“Uniper”in sözçüsü şərh verməkdən imtina edib.
Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü hökumətin Avropa İttifaqı daxilində danışıqlar apardığını bildirib.
Onun sözlərinə görə, Slovakiya belə bir razılaşmadan faydalana biləcək əsas ölkələrdən biridir və Baş nazir Robert Fiko ötən ay Azərbaycana səfərindən sonra bu ehtimaldan danışıb, amma detalları açıqlamayıb.
“İndi Rusiyanın “Qazprom”u, Azərbaycan, Ukrayna şirkətləri və digər şirkətlər arasında iqtisadi və qiymət şərtlərinin razılaşdırılması danışıqlardan asılıdır. Əgər bunu etsələr, Slovakiya Azərbaycandan qaz idxal edə bilər, onun bir hissəsi Slovakiyada qala, bir hissəsi isə digər ölkələrə keçə bilər”, – deyə o, may ayında jurnalistlərə bildirib.