“Hətta pəncərələr bağlı olanda da evdə səsdən dayanmaq olmur”
Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində tikilən yeni yaşayış kompleksinin sakinləri Avropa Azərbaycan Məktəbindən şikayətçidir.
Sakinlərin Meydan TV-yə dediyinə görə, məktəbin soyutma sisteminin səsindən evdə dayanmaq mümkün deyil.
“Hətta pəncərələr bağlı olanda da evdə səsdən dayanmaq olmur. Sistem sanki evin içərisində işləyir. Hər səhər saat 8-in yarısından qoşurlar, axşam saat 6-dək işləyir. Evdə də uşaq, yaşlı və xəstə adamlar var. Bu səs-küydə yaşamaq mümkün deyil”, – sakin İlqar Hüseynov deyir.
Sakinlər bildirirlər ki, narazılıqlarını məktəb rəhbərliyinə bildiriblər. Lakin əhəmiyyət verən olmayıb.
“Dəfələrlə gedib, oradakı nəzarətçilərə demişik. Onlar da deyirlər ki, şikayətinizi çatdırmışıq. Şəhərin içində elə səs olmaz. Çünki caamatı narahat edirlər”, – sakinlər deyirlər.
Avropa Azərbaycan Məktəbinin direktor müavini Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, 8 ildir ərazidə fəaliyyət göstərirlər və isti aylarda soyutma sistemi çalışır:
“Texniki işçilərimizlə də danışdıq. Təəssüf ki, hələ çıxış yolu tapmırıq, dünyanın hər yerində soyutma sistemi bu səslə işləyir. Soyutma sistemi ancaq isti aylarda işləyir”.
“Məktəb rəhbərliyi mütəxəssislərlə danışıb çarə tapmağa çalışacaq. Təbii ki, bu, bir-iki günün içində həll olunacaq məsələ deyil, amma çalışacağıq ki, tezliklə problemi aradan qaldıraq”.
Yaşayış kompleksini tikən “Yüksək İnşaat” Mənzil-Tikinti Kooperativindən (MTK) Meydan TV-yə bildirilib ki, bina ərazidə inşa ediləndə, həmin məktəb orada artıq fəaliyyət göstərirdi. Onlar problemin həlli üçün məktəb rəhbərliyi ilə danışıqlar aparırlar.
“Sakinlərlə birgə məktəbdə olmuşuq. Bizə bildirildi ki, artıq “Tochiba” firması ilə danışıblar, qısa zamanda ora səsboğucu qoyulacaq”, – MTK-nın yetkilisi Elşən Mahmudov bildirib.
Bina sakinləri avqustun 29-da təkrar məktəb rəhbərliyi ilə görüş planlaşdırır.