“Avronun ucuzlaşması manata təzyiqi artıracaq”

Samir Əliyev: “Avropa valyutasının ucuzlaşmasının Azərbaycana zərəri daha çox olacaq”

Source:


Samir Əliyev: “Avropa valyutasının ucuzlaşmasının Azərbaycana zərəri daha çox olacaq”

“Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərdi. Bu çıxışdan sonra avronun ucuzlaşması baş verib və onun dollara nisbəti 1,1617-dən 1,1483-ə düşüb. Bununla da avro son 11 ildən ən aşağı həddə düşüb. Bu gün isə avro hətta 1,13 dollara qədər ucuzlaşıb. Proqnozlara görə avro ilin sonuna qədər dollarla bərabərləşə bilər”.

Bu sözləri iqtisadçı Samir Əliyev deyir. Ekspertin sözlərinə görə, proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq və həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2 faizə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq.

“Dünya bazarlarında avronun ucuzlaşması təbii olaraq Azərbaycanda da müşahidə edilib. Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Bu gün ölkədə avronun manata qarşı rəsmi məzənnəsi təxminən 13 illik minimuma enib və 88,97 qəpik təşkil edib. Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 4444,08 AZM, yəni yeni pulla 88,88 qəpik olub. Avropa Mərkəzi Bankının qərarı avronu Azərbaycanda bir günə 1% ucuzlaşdırıb. Ümumiyyətlə isə yanvar ayında avro manata münasibətdə 3,8% ucuzlaşaraq 1 manat üçün 92,45 qəpikdən 88,97 qəpiyə düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq” – deyir ekspert.

Bəs avronun ucuzlaşması Azərbaycana nə verəcək? Samir Əliyevin fikrincə, avronun ucuzlaşması səbəbindən valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması müşahidə ediləcək: “Avronu daha aşağı məzənnə ilə dəyişməyə səy göstərəcklər. Əhali isə əlində olan avronu dəyişmək üçün valyutadəyişmə məntəqələrinə üz tutacaq.

Avronun ucuzlaşmasının müsbət təsiri yalnız ondan ibarətdir ki, Avropa malları ucuzlaşa bilər. Söhbət burda, avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və s. Idxal mallarından gedir. Ancaq unutmaq lazım deyil ki, bu, nəzəridir. Çünki bir qayda olaraq dünyada qiymətlərin ucuzlaşması Azərbaycanda hiss olunmur. Çünki gömrük orqanları ucuzlaşmanı “tənzimləyir”, inhisarçı şirkətlər də öz növbəsində imkan vermir. Ona görə də ciddi ucuzlaşma baş verməyəcək”.

Amma iqtisadçı hesab edir ki, avropa valyutasının ucuzlaşmasının Azərbaycana zərəri daha çox olacaq:

“Avronun ucuzlaşması manata təyziqi daha da artıracaq. Yəni əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı yaradacaq. Digər tərəfdən, bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız, o cümlədən oliqarxlarımız Rusiyadan sonra köhnə qitənin daşınmaz əmlakına yatırım edə bilrlər ki, bu da investisiyanın axınına gətirib çıxara bilər. İkincisi, ixracımız üçün çətinlik yaradacaq. Düzdür, hazırda 93 faiz neft sektorunun payına düşür. Ancaq qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş Azərbaycan üçün bu avro çətinlik yaradacaq.

Bundan başqa, Avropadan idxalımız artacaq. Valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirəcək. Həmçinin avro ilə yerləşdirilən əmanətlər dəyərini itirəcək. Hazırda əmanətlərin təxminən 4 faizini avro təşkil edir. Bu da təxminən 280 milyon manat edir. Deməli, söhbət yanvar ayında 11 milyon manatlıq itkidən gedir”.

Samir Əliyev onu da vurğulayır ki, artıq dünya yeni valyuta müharibəsinə qədəm qoyub. Yaponiya və ABŞ-ın ardınca Avropanın öz valyutasını ucuzlaşdırması bu müharibənin hələ çox davam edəcəyinə işarədir: “Digər ölkələrdə bu müharibəyə qoşulacaq. Ən azı Çin və Britaniyanı onlar arasında görəcəyik. Azərbaycanın ətrafında olan bütün valyutalar ucuzlaşıb. Azərbaycan bazarı həmin ölkələr üçün çox cəlbedicidir. Manat isə hələki sabitdir”.

“Bundan ən çox itirən Azərbaycan Dövlət Neft Fondu və avro ilə aktivlərə malik olan yerli banklar olacaq”

İqtisadçı Qubad İbadoğlu da avronun enməsi ilə bağlı Facebook səhifəsində münasibət bildirib. Onun Sözlərinə görə, Avropa Mərkəzi Bankının mart ayından etibarən valuta siyasətindəki dəyişikliklər barədə açıqlamasından sonra avrounun dollara nisbətdə minimum səviyyədə dəyərini itirməsinin Azərbaycana təsiri ikili olacaq və zaman çərçivəsinə görə dəyişəcək.

“Bundan ən çox itirən Azərbaycan Dövlət Neft Fondu və avro ilə aktivlərə malik olan yerli banklar olacaq. Çünki, Neft Fondu 30 sentyabr 2014-cü ilə olan aktivlərinin 34 faizini və ya 10 milyardını avroda yerləşdirib. Eyni zamanda həmin tarixə olan məlumata görə investisiya portfelinin 54,11 faizi də avrozonada sərmayə qoyub. Bu səbəbdən ilk növbədə avronun məzənnəsinin ucuzlaşmasından yaranan fərq üzrə Neft Fondun büdcədənkənar xərcləri artacaq. Məlumat üçün qeyd edək ki, ötən ilin 9 ayı üzrə bu göstərici 962,7 milyon manat təşkil edib”,-deyə İbadoğlu söyləyib.

İqtisadçı hesab edir ki, avronun ucuzlaşmasından qazanan Avropa Birliyi (Aİ) ölkələrindən Azərbaycana mal ixrac edən sahibkarlar olacaq. Onlar avroya aldıqları mala görə məzənnə fərqindən əlavə qazanc əldə edəcəklər. Nəzərə alaq ki, ötən ilki idxal dövriyyəmizdə Aİ ölkələrinin payı 33,7 faiz olub. Bu o deməkdir ki, avronun ucuzlaşması AB ölkələrindən Azərbaycana mal daşınmasına stimul verəcək, bu il ərzində Aİ ölkələrinin idxal dövriyyəsində ki xüsusi çəkisi yüksələcək. Onu da nəzərə alsaq ki, AB ölkələrindən Azərbaycana əsasən maşın, mexanizm və elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri gətirilir, deməli bu amil həm də maşın və avadanlıqlar parkının yeniləşməsinə və iqtisadiyyatım modernləşdirilməsinə xidmət edə bilər.

Ana səhifəXəbərlər“Avronun ucuzlaşması manata təzyiqi artıracaq”