“Avesta Konserni” MMC işçilərin məvacibini ödəmir (yenilənib)

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli ANS PRESS-ə bildirib ki, əslində həmin işçi məsələni şişirdir.

“Gərək öz dilindən danışsın. Şirkətdə 5 ildir işləyir. Bu vaxta qədər çörək qazanıb. Heç vaxt işçilərin pullarını gecikdirməmişəm. Sadəcə son vaxtlar baş verən hadisələrlə bağlı həmin mühasibin maaşı bir az gecikdirilib. Ona 1800 manat verilməlidir. Pulu artıq hazırdır. Şəxsən mənimlə əlaqə yarada bilərdi. Niyə mətbuata çıxıb, məsələni şişirdir bilmirəm. Gəlsin pulunu aparsın da”, – deyə Hacı İbrahim Nehrəmli bildirib.


“İşçilər 2015-ci ilin martında yalnız yanvar ayının məvacibini ala biliblər”

“Avesta Konserni” MMC-nin mühasibi Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb və hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edir.  Onun sözlərinə  görə, işçilər 2015-ci ilin martında yalnız yanvar ayının məvacibini ala biliblər. Digər aylar üçün isə əmək haqları ödənilməyib.

“Mən 2013-cü il oktyabrın ikinci ongünlüyündə “Avesta Konserni” MMC-nin baş ofisində işə qəbul olunmuşam. Əmək müqaviləsində əmək haqqım 200 manat qeyd olunub, amma tutduğum vəzifə düzgün qeyd edilməyib. Əmək müqaviləsinin ikinci nüsxəsi mənə təqdim olunmayıb. Mən vitse-prezident yardımçısı, Maliyyə Departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatının təqdim olunması işi ilə məşğul olmuşam. 2014-cü il, iyulun 1-də Maliyyə Departamentində mühasib vəzifəsinə təyin edilmişəm. Əmək haqqı 250 manat olub. 2015-ci il, aprelin 10-da şəxsi istəyimlə işdən azad olunmuşam. 2015-ci il üçün əmək haqqımın cüzi bir hissəsini ala bilmişəm”, – o qeyd edib.

S. Sadıqovanın sözlərinə görə,  2015-ci ilin yanvarından şirkətdə əmək haqları gecikdirilməyə başlayıb.

“Avesta Konserni” MMC-nin rəsmi İnternet saytında göstərilən telefonlara cavab verən olmayıb.

Ana səhifəVideo“Avesta Konserni” MMC işçilərin məvacibini ödəmir (yenilənib)