Audiovizual Şura “Elgizlə izlə” verilişi ilə bağlı xəbərdarlıq edib

Foto: r.classen\shutterstock

Şuranın mütəxəssisləri verilişdə “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulduğunu bildirirlər

Audiovizual Şura “ARB” telekanalında yayımlanan “Elgizlə izlə” verilişi ilə bağlı telekanala xəbərdarlıq edib.

Şuranın mayın 26-da keçirilən onlayn iclasında mayın 21-də yayımlanan buraxılışda səsləndirilən fikirlərin cinsi (gender) ayrı-seçkiliyə yol açdığı qeyd edilib.

Şuranın məlumatında qeyd olunur ki, proqramda kişi-qadın və ailə münasibətləri mövzusunda aparılan müzakirələr zamanı aparıcı və qonaq tərəfindən “Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e…”, “Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdır və bir də azadlıq vermək lazımdır. Onda siz qadını çox yaxşı tanıyacaqsınız”, “Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən…” – kimi fikirlər səsləndirilib və bu ifadələrin cinsi ayrıseçkilik yaratdığı vurğulanıb.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri bu fikirləri “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması – cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alıb.

Audiovizual Şura ARB kanalına xəbərdarlıq edib və bütün yayımçılardan bu cür müzakirələr zamanı qanunvericiliyin tələblərinə riayət etmələri tələb olunub.

Audiovizual Şura son illərdə tez-tez yerli telekanallara xəbərdarlıq edir.

Bu xəbərdarlıqlar əsasən “Media haqqında” qanunun müxtəlif maddələrinin, həmçinin də “Reklam haqqında” qanunun pozulması ilə əlaqədar olur.

Şura müəyyən hallarda televiziya kanallarının proqramlarının yayımını bir neçə saatlıq dayandırır.

2023-cü ilin aprelində ARB telekanalının reklam qanunvericiliyini pozduğuna görə proqramlarının efiri 3 saat müddətinə dayandırılıb.

“İctimai Televiziya”da yayımlanan “Alatava” serialı ilə bağlı da Şura tərəfindən ciddi iradlar bildirilib və yayımın dayandırılması tövsiyə olunub.

Şura bildirir ki, belə hallarda məqsəd televiziya məzmununun qanunvericiliyə və ictimai etik normalara uyğunluğunu təmin etməkdir.

Ana səhifəXəbərlərAudiovizual Şura “Elgizlə izlə” verilişi ilə bağlı xəbərdarlıq edib