“Layihəmin özümə qaytarılmasını tələb edirəm”
“Səni axtarıram” proqramı artıq ATV kanalında yayımını dayandırdı. Aprelin 14-də layihənin rəhbəri Xoşqədəm Hidayətqızı mediada yayılan xəbərlərə aydınlıq gətirmək məqsədilə mətbuat konfransı keçirib.
Aparıcı deyib ki, 5 il öncə sözügedən layihəni bir neçə telekanala təqdim etsə də, yalnız ATV qapılarını onun üzünə açıb: “Hər bir işin əvvəli olduğu kimi sonu da var. Mənim susmağımı reklam kimi qəbul edənlər də oldu. Ancaq mən mətbuat konfransında hər şeyə aydınlıq gətirmək istədim. “Səni axtarıram” müqəddəs bir layihədir. 5 il biz ölkənin ən reytinqli proqramı olduq. Üç il əvvəl başqa bir kanal da oxşar layihəni etmək istəyəndə mən qərara aldım ki, bu layihəni sertifikatlaşdırım. ATV rəhbərliyinə də dedim. Getdik Müəllif Hüquqları Agentliyinə. O zaman orda öyrəndim ki, sən demə, məndən əvvəl ATV rəhbərliyi sertifikat almaq üçün müraciət edib. Lakin onlara deyilib ki, bu layihənin Xoşqədəm Hidayətqızının olduğunu hamı bilir. Ona görə də onun razılığı olmadan bu sertifikatı verə bilmərik. Açığı, bu, çox qüruruma toxundu. Ona görə də özüm təklif etdim ki, bizə efir məkanı verdiyi üçün ATV rəhbərliyinin də adı sənəddə getsin. Görün, bu layihə mənim üçün necə müqəddəsdir ki, hətta verilişin sonunda layihənin rəhbəri kimi mənim adım getməyib və mən ona etiraz etməmişəm, əhəmiyyət verməmişəm”.
X.Hidayətqızı ATV-dən xoşluqla ayrılmaq istədiyini, lakin buna imkan verilmədiyini deyib: “Dəfələrlə ATV-dən getmək istədim. Hətta avqusta getmək istəyirdim. Amma qarşımı kəsdilər. Dekabrda ATV-nin rəhbərliyi Vüqar Qaradağlı ilə görüşdüm. Yanvarda səfərdən qayıdanda Qaradağlı ilə görüşdüm. Dedi, istəyir layihəni dayandırsın. Dedim ki, bu günə qədər axtarış üçün bizə 68 min məktub, 180 min sms gəlib. İndiyədək elektron ünvanımıza 60 min 500 məktub gəlib. Necə birdən-birə layihəni bağlayaq? Axı bu, o məktub yazan, bizi izləyən insanlara hörmətsizlikdir. Heç olmasa mövsüm bağlananda gedim və qayıtmayım. Razılaşdıq. Aprelin ilk həftəsində dedi, “yox, bağlanmalıdır, mənə deyiblər ki, axtarış proqramı ATV-də olmayacaq”. Dedim, amma siz mənə bir sənəd verəcəksiniz ki, bu layihəni Xoşqədəm yaradıb. Dedi ki, aprelin 12-də verilişin son buraxılışı yayımlansın, ondan sonra həmin sənədi verəcəm. Həmin ərəfədə bu söz-söhbətlər yayılmağa başladı və mənə müxtəlif telekanallardan təkliflər gəldi. Nəhayət, dünən Vüqar Qaradağlı ilə əlaqə saxladım, mənə dedi ki, sənə belə bir sənəd verilməyəcək. Ancaq iradım da yoxdur, verilişi harada istəyirsən, aç”.
Xoşqədəm Hidayətqızı deyir ki, başına gələnlərdən sonra sözə inanmır və haqqı olan sənədi tələb edir: “Layihəmin özümə qaytarılmasını tələb edirəm. Hallalıq, insanlıq var. Bu layihənin hüquqları mənə məxsusdur. İstəsəm sataram, istəsəm özüm başqa bir telekanalda apararam. Demirəm ki, bu günə qədər orda qazanılan gəlirlərdə mənim də payım var. İndiyədək bunu istəməmişəm də. ATV mənim yuvamdır. Mən ora barədə pis danışmaq istəmərəm. Sabah rəhbərlik dəyişərsə, mən yenidən o kanala qayıda da bilərəm. Amma mənə sənədin verilməməsi o deməkdir ki, bu layihəni mən və ATV telekanalı da edə bilər. Mənə dedilər ki, etməyəcəyik. Amma inanmıram.”
X.Hidayətqızı vəkillərinin bununla bağlı hüquq müstəvisində iş görəcəyini də vurğulayıb.
Mətbuatda gedən iddialardan biri də odur ki, Xoşqədəm Hidayətqızı verilişdə yeyintilərə yol verib və bu da ATV rəhbərliyinin narazılığına səbəb olub. Meydan TV əməkdaşının bununla bağlı sualına aparıcı belə cavab verib: “Ən yüksək reytinqli veriliş olduğundan ən çox reklam da məhz “Səni axtarıram”a görə gəlib. Reklam gəlirləri telekanala gəlirdi, bizə yox. Biz harda yeyinti etmişik, məktublarda, ya qeydiyyat sənədlərində?”
Xoşqədəm Hidayətqızı layihənin kollektivi ilə birlikdə ATV-ni tərk etdiklərini deyib: “İlk gündən kimlər mənim yanımda idisə, indi də yanımdadır. ATV-də çalışdığım bütün işçilər ANS-də mənlə birgə çalışacaq”.
Jurnalistin “Həyat yoldaşınız Doğuşun da sizinlə birgə veriliş aparacaq” sualına aparıcı yox cavabını verib: “Bu, tamamilə yanlış məlumatdır. Adını çəkmək istəmədiyim bir kanaldan ona belə bir təklif gəlmişdi, rədd etdi. Doğuş çox baha qiymətə qonorar istəyir. Mənim ona həmin məbləği ödəyəcək qədər pulum yoxdur”.
ATV telekanalının Xoşqədəm Hidayətqızının bu gün keçirdiyi mətbuat konfransında televiziyanın və onun rəhbəri Vüqar Qaradağlınını ünvanına səsləndirdiyi sərt ittihamlara cavabı gecikməyib. Televiziyadan “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
“Səni Axtarıram” verilişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil” Bu isə ATV rəhbərliyinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir:
“Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və burada da açıq şəkildə göstərilib ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır, 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən də aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır.
2. Bəli, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.
3. Digər tərəfdən, veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub.
4. Xoşqədəm xanımın “söhbəti olduğu kimi danışacam” deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydılıq gətirilə bilər.
5. Xoşqədəm xanım bildirib ki, bu verlişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin “maliyyə şərtləri və ödəniş qaydaları” hissəsində açıq göstərilib ki, “Səni axtarıram” televiziya verilişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə veriilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla “Azad Azərbaycan” MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.
Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, “Tərəflərin qarşılıqlı razılığı ilə “Səni axtarıram” televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verlişin ssenari müəllifi və aparıcısına qonarar ödənilməyəcək.
6. O ki qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlarıdır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layıhədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.