Hakim işlə tanış olmaq üçün məhkəmə iclasını bir ay sonraya təyin etdi
“Azad Azərbaycan” telekanalının (ATV) keçmiş prezidenti, 7 aydan çoxdur həbsdə olan Tağı İbrahimovun avqustun 8-də məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılır.
Binəqədi rayonu, 7-ci mikrorayonda sahibi olduğu obyektdə 10 nəfərin ölümü, 23 nəfərin yaralanmasıyla nəticələnən yanğına görə həbs edilən 62 yaşlı Tağı İbrahimov məhkəmə qarşısında tək deyil. Müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 32 yaşlı Toğrul Rzayev də onunla birlikdə mühakimə olunur.
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı olan Tağı İbrahimov yanvarda həbs olunanda ona qarşı səhlənkarlıq ittihamı irəli sürülsə də, istintaqın yekununda ittiham dəyişib. Ona Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Toğrul Rzayevə qarşı isə yalnız Cinayət Məcəlləsinin 225-ci maddəsilə ittiham irəli sürülüb.
Avqustun 8-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmədəki hüquq və vəzifələri izah olunub. Bu cinayət işi üzrə 44 nəfər fiziki və hüquqi şəxs zərərçəkmiş qismində tanınıb. Onların arasında yanğında həyatını itirən şəxslərin hüquqi varisi qimində tanınan ailə üzvləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də var.
Zərərçəkmişlər bildirib ki, onlar ittiham aktını almayıblar. Onlara ittiham aktının verilməsi, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni göndərilən və işə baxan hakim Elmin Rüstəmovun özünün də iş materialları ilə tanış olması üçün məhkəmə prosesi bir ay təxirə salınıb. Hazırlıq iclası sentyabrın 5-də davam edəcək.
Tağı İbrahimov və Toğrul Rzayevin həbsilə nəticələnən yanğın yanvarın 15-də baş verib. Yanğın nəticəsində 10 nəfər həyatını itirib, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Cinayət işinin materiallarına əsasən, mebel sexində taxta materialların emalı zamanı yaranmış taxta tozu və kimyəvi tərkibli materialların buxar qarışığı uzun müddət təmizlənməyib. Nəticədə minimum konsentrasiya limiti aşılıb və bu üzdən partlayış baş verib.
Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır. İbrahimovların daha bir qardaşı – Bakıda hündürmərtəbəli yaşayış binaları və obyektlərin tikintisiylə məşğul olan Sahib İbrahimov da bir neçə ildir həbsdədir.
İbrahim Nehrəmli mediaya açıqlamasında bildirib ki, yanğının baş verdiyi obyekt qardaşının mülkiyyətində olsa da, onun istifadəsində deyildi. Onun sözlərinə görə, obyekti qardaşı icarəyə vermişdi və icarəçi də mebel sexi kimi istifadə edirdi:
“Tağı İbrahimov orada yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazıq Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi”.