İnfeksionist: "“Pfizer” peyvəndi uşaqlara tətbiq edilə bilər”
“Uşaq, yeniyetmə və gənclərə COVİD-19 əleyhinə peyvəndin vurulmasının qəti əleyhinəyəm”.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev sosial şəbəkədə yazıb.
Professor qeyd edib ki, peyvəndin orqanizmə hər hansı bir təsiri özünü illər sonra göstərə bilər: “Peyvəndin inkişaf edən orqanizmə mutagen, kanserogen, eksperimental təsirini illərlə aparılan klinik müşahidələrdə tam təsdiqini tapdıqdan sonra bilmək olar. Uşaqların virusa yoluxma ehtimalına görə stress, gərginlik və ruhi sarsıntıya düşməyin. Ümumiyyətlə, onları istənilən viral infeksiyadan qorumaq lazımdır. İnfeksiyanın 11-12 yaşa qədər uşaqlar üçün heç bir qorxusu yoxdur. 19 yaşına qədər uşaqlarda isə virus qorxusu yalnız nisbidir. Yəni onlar xəstələnsə də, bu infeksiyanı yalnız öskürmək və asqırmaqla keçirəcək”.
İnfeksionist Vüqar Cavadzadə Meydan TV-yə açıqlamasında bildirib ki, COVİD-19 infeksiyasının mutasiyaya uğramış “Delta” ştammı daha çox uşaq və ortayaşlılar arasında yayılır. On yaşa qədər uşaqlarda ciddi fəsad törətmir:
“Uşaqlarda ölüm halları, demək olar ki, yoxdur. Amma on yaşdan yuxarı yaşlı uşaqlarda mənfi nəticələrə səbəb ola bilər. 18 yaşa qədər yeniyetmələr arasında ölüm halları müşahidə edilməsə də, 12 yaşdan yuxarı vaksinin vurulması əlavə problem yarada bilməz. “Pfizer” peyvəndi ilə bağlı bir sıra ölkələrdə işlər aparılıb, ilkin nəticələr də var. Yəni uşaqlara tətbiq edilə bilər”.
Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi
vurulacaq
.
Vaksin müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən tətbiq olunacaq.
Azərbaycanda 2021-ci il yanvarın 9-dan peyvəndlənmə başlanıb.
Ölkədə 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).