”Atoça”nın sərvətləri

O gün – bu gündür!

Source:

O gün – bu gündür!

1622-ci il. İspaniya donanması hələ də Hindistan adlandırdıqları Amerikadan növbəti qiymətli sərvətlər daşımağa hazırlaşır. Kral VI Filipp bu yükü səbirsizliklə gözləyir: artıq dörd ildir ki, bütün Avropanı bürüyən Otuzillik müharibə (1618-1648) böyük xərclər tələb edir.

İspaniya XVI əsrin ortalarından etibarən Mərkəzi və Cənubi Amerikanın gümüş mədənlərini istismar edir. Xüsusən Potosi (hazırda Boliviyada yerləşir) şəhərindəki gümüş mədənləri olduqca zəngindir. Hesablamalara görə, 1556-1783-cü illərdə buradan 820,5 milyon peso dəyərində və ya 20 min ton gümüş çıxarılıb.

Potosi Cənubi Ameikanın qərb sahillərinə daha yaxındır. Buna görə də gümüş qatırlara yüklənərək Arika limanına (indiki Çilidə) gətirilir, buradan gəmilər vasitəsilə Panamaya aparılır, çünki orada torpaq zolağı daha ensizdir və yenə də qatırlarala şərq sahilinə – Portobelo limanına daşınılır.

Ümumiyyətlə, bütün Mərkəzi və Cənubi Amerikadan İspaniyaya daşınılan təkcə gümüşün dəyərinin indiki kursla 500 milyard dollar olduğu güman edilir. Lakin bu misilsiz sərvət yanlış idarəetmə üzündən İspaniyanın inkişafına xidmət etmir, Habsburqlar sülaləsini Avropada hegemonluğa nail olmaq üçün təcavüzkar siyasət yürütməyə həvəsləndirir.

Üstəlik, külli miqdarda sərvət təkcə İspaniyada deyil, bütün Avropada inflyasiyaya səbəb olur, qiymətlər bir neçə dəfə artır. XVI əsrin sonu və XVII əsrin əvvəllərində Osmanlı dövlətinin iqtisadi çöküşü də Cənubi Amerikadan axan qızıl və gümüşdən doğan effekt idi. Avropa ölkələrindən fərqli olaraq, Osmanlıda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ənənəsi bu prosesi daha ağrılı etmiş, ölkəni anarxiya və Cəlali üsyanları bürümüşdü.

***

İspaniyadan gələn gəmilər Amerikaya yaxınlaşdıqda bir neçə dəstəyə bölünür və müxtəlif limanlara yollanırdılar. Toplanan sərvətin gəmilərə yüklənməsi bir neçə ay davam edirdi. İmperiyada ciddi bürokratiya mövcuddur. Hər bir qızıl və gümüş külçənin üzərində nömrəsi olur. Məmurlar bu nömrələri, külçələrin ağırlığını öz dəftərlərində qeyd edirdilər.

Muzo mədənlərində (indiki Kolumbiyada) çıxarılan misilsiz zümrüdlər, Marqarita adası (indiki Venesuelada) sahillərində yığılan mirvarilər və digər sərvətlər – hamısı bir-bir yazılırdı. Bütün bu uzunsürən prosesdən sonra yüklənən gəmilər yan aldıqları limanlardan çıxaraq təhlükəsizlik məqsədilə Havanada toplanır və birlikdə İspaniyaya yollanırdılar. Dövr pis dövr idi, ingilis və holland gəmiləri karvana hücum edə bilərdilər.

Məqaləmizin əsas qəhrəmanı olan, qısa şəkildə “Atoça” yazacağımız “Nuestra Senyora de Atoça” gəmisi 1620-ci ildə inşa edilmişdi. 20 topu və 550 ton yükgötürmə qabiliyyəti olan bu qaleon həm hərbi, həm də yük gəmisi kimi yararlı idi.

“Atoça” başqa gəmilərlə birlikdə 1622-ci ilin martında Sevilya limanından çıxaraq Yeni dünyaya istiqamət götürdü. Qeyd edək ki, İspaniyadan Amerikaya gedən gəmilərin də öz yükü olurdu. Bunlar şərab, parçalar, metal məmulatlar, gümüş mədənlərində istifadə olunan civə və başqa mallar olurdu.

Amerika sahillərinə az qalmış karvan bölünərək ayrı-ayrı limanlara yollandı. “Atoça” və daha bir neçə gəmi Portobelo limanına yan aldı. Artıq mayın 24-ü idi. Təxminən üç ay sonra isə “Atoça” geriyə qayıtmaq üçün Havana limanında idi.

Onun yük yerində misilsiz sərvətlər toplanmışdı: ümumi çəkisi 40 tondan çox olan 1038 gümüş külçə, gümüş sikkələrlə 180 min peso, 125 qızıl külçə və disk, 500 kiloqramdan çox gümüş məmulatlar, 350 sandıq indiqo, 525 bağlama tütün və s. Bundan əlavə, o dövr hər gəmidə olduğu kimi qeydə alınmayan qaçaqmal da vardı.

Üstəlik, gəmidə xeyli zəngin sərnişinlər vardı ki, onların şəxsi əmlakı qeydə alınmırdı. O zaman qızıl və gümüşdən hazırlanan bəzək əşyalarına gömrük vergisi tətbiq olunmurdu. Buna görə də, bir çoxu öz var-dövlətini külçə şəklində deyil, məsələn, metrlərlə uzunluğu olan boyun zənciri şəklində daşıyırdı.

Havanada toplaşan yelkənli donanma bir neçə gün küləyin olmaması səbəbindən yerindən tərpənə bilmədi. Nəhayət, sentyabrın 4-də 28 gəmidən ibarət karvan çox gözəl hava şəraitində İspaniyaya doğru yola düşür. Ağır yük üzündən xeyli suya oturmuş “Atoça” karvanı arxadan hücumdan qorumaq üçün lap sonda yer alıb. Ondan öndə gedən “Santa-Marqarita” gəmisində də xeyli sərvətlər var.

Noyabrın 5-də hava qəfildən korlanır. Güclü fırtına qalxır. Ertəsi gün isə qasırğaya çevrilir. Dörd gəmi sulara qərq olur. Qalan 24 gəmidən iyirmisi nisbətən təhlükəsiz Meksika körfəzində gizlənə bilsələr də, sondakı 4 gəmi gecikir. Dorağacları yıxılan, sükanları sınan bu gəmiləri nəhəng dalğalar taxta parçası kimi atıb tutur.

Qasırğa bu köməksiz gəmiləri tədricən Florida-Kis adalarına doğru aparır. Onların hamısı batır. “Atoça” hündür bir dalğanın üzərinə qalxdıqdan, yuxarı qaldırdıqdan sonra sürətlə aşağı enərək mərcan rifinə çırpılır. Növbəti dalğa isə onu daha dərin hissəyə aparır. Aşağı hissəsi dağılmış gəmi bir göz qırpımında batır. “Santa-Marqarita”, “Nuestra Senyora del-Rosario” və daha beş kiçik gəmi də eyni aqibəti yaşayırlar.

“Atoça”da olan 265 heyət üzvü və sərnişindən yalnız 5 nəfər xilas olur. “Santa-Marqarita”dan 142 nəfər həlak olur. “Rosario” dayaz yerdə quruya oturduğu üçün ölənlər olmur. Batan səkkiz gəmidə ümumən 550 nəfər həlak olur, 2 milyon pesodan artıq dəyərdə sərvət (əsasən “Atoça”da və “Santa-Marqarita”da) suyun altına gedir.

***

Baş verən fəlakət haqqında xəbər Madridə çatdıqda kral sarayında dərin matəmə və hiddətə səbəb oldu. Gənc kral IV Filipp gəmilərin batdığı yeri tapmağı və sərvətləri xilas etməyi əmr edir.

Məlumatlara görə, gəmilər elə də dərin yerdə batmamışdılar və “Atoça”nın bizan-dorağacı bir müddət sudan çölə çıxaraq görünürdü. Lakin bu işə məsul edilən kapitan Qaspar de Varqas suyun dərinliklərindən mirvari toplamaq üzrə ixtisaslaşan qulları toplayıb hadisə yerinə gələnə qədər növbəti qasırğa “Atoça”nın qalıqlarını daha dərinliklərə itələyərək görünməz etdi.

Bütün cəhdlərinə baxmayaraq, de Varqas nə “Atoça”, nə də “Santa-Marqarita”nı tapdı. Torpağa oturan, lakin batmayan “Rosario”nun yükünü götürdü, faydasız gəmini yandırararq geri qayıtdı. Bu gəmidəki yük isə elə də qiymətli deyildi.

İspanlar axtarışları 1624-cü ildə bərpa etdilər. Bu dəfə işlərə kapitan Fransisko Nunyes Melian rəhbərlik edirdi. Onun düzəltdiyi, kilsə zəngini xatırladan qurğunun köməyi ilə itən sərvətlər suyun altında axtarılır. 1626-cı ilin iyulunda Xuan Balyon adlı dalğıc qul külçə tapdı və dərhal azadlıq əldə etdi.

Bundan sonra 4 il ərzində aparılan axtarışlar nəticəsində 380 gümüş külçə, 67 min gümüş sikkə və 8 bürünc top tapıldı. Lakin bunların hamısı “Santa-Marqarita” gəmisindən idi. Bütün cəhdlərə baxmayaraq, “Atoça”nın izinə düşmək mümkün olmadı.

Tez-tez təkrar olunan qasırğalar, düşmən donanmalarının həmlələri, xüsusən də suyun altındakı qumun hərəkətliliyi işlərə ciddi maneə olurdu. Müəyyən bir ərazi qumdan təmizləndikdən az sonra yenidən örtülürdü.

Sonrakı axtarışlar fasilələrlə 1641-ci ilə kimi davam etdi. Lakin nə “Atoça”, nə də “Santa-Marqarita”nın qalan sərvətləri tapıldı. Otuzillik müharibədə məğlub olan İspaniyanın qürubu sürətləndi və Avropadakı hegemonluğuna son qoyuldu.

Lakin bu uğursuz axtarışların ciddi bir önəmi yenə də ispan bürokratiyası oldu. Gəmilərin batdığı təxmin edilən yerin koordinatları, aparılan axtarışlar barədə qeydlər dəqiqliklə yazılaraq Sevilyadakı arxivə qoyuldu.

***

1960-cı illərin əvvəllərindən sualtı dəfinələrin axtarışı ilə məşğul olan ABŞ vətəndaşı Mel Fişer “Nuestra Senyora de Atoça” gəmisinin axtarışı ilə məşğul olmaqdan ötrü 1969-cu ildə Treasure Salvors İnc. təsis etdi. Bir il ərzində tarixçi Yucin Layons Sevilya arxivlərini ələk-vələk edərək gəminin batdığı yer və aparılan axrarışlar barədə məlumatlar topladı.

1970-ci ildə axtarışlar başladı. Bu istiqamətdə bir neçə ciddi maneələr var idi. Bunun birincisi az öncə xatırladığımız hərkətli qum idi. Bu problemi həll etmək üçün ixtira etdiyi qurğuya Mel Fişer “poçt qutusu” adını vermişdi.

Mel Fişerin ‘Poçt qutusu’ adlandırdığı qurğu
Mel Fişerin ‘Poçt qutusu’ adlandırdığı qurğu

Həmin qurğu katerlərin vintlərinə bərkidilən, L şəklində əyilmiş silindrlərdən ibarət idi. Vintlər işlədikcə suyu şaquli şəkildə aşağı, qumlara tərəf yönəldir və onları ətrafa “süpürürdü”. Belə suvuran sayəsində on dəqiqəyə dərinliyi 3, eni 9 metr olan sahə qumdan təmizlənirdi.

Başqa bir maneə açıq dənizdə hərəkətsiz oriyentirlərin olmamasıdır. Bu da bir sahənin iki dəfə araşdırılmasına, başqa sahənin isə heç araşdırılmamasına səbəb ola bilərdi. Mel Fişer burada da çıxış yolu tapdı.

Dənizdə bir-birindən 3 mil (1 dəniz mili – 1852 metr) aralıda və su səthindən 3-5 metr hündürlükdə ucalan iki qüllə yerləşdirildi. Onların göndərdiyi qısadalğalı siqnallar nəticəsində axtarış aparan qayıqlar olduqları yeri dəqiq müəyyən edirdilər.

Qayıqlar suya sallanan maqnitometrlə dibi yoxlayır, əgər metal mövcudluğu barədə siqnal alınardısa, dərhal dalğıc suya baş vururdu. Tədqiq edilən ərazi elə də dərin olmadığı üçün dalğıclara adi akvalanqdan savayı xüsusi geyim lazım olmurdu.

Bir il ərzində 120 min kvadrat mildən artıq ərazi axtarıldı, ancaq konserv qutuları və bənzər əşyalardan başqa bir şey tapılmadı. Mel Fişerin arvadı da daxil olmaqla bütün ailə üzvləri axtarışlarda iştirak edir və hətta bir-birləri ilə yarışırdılar. Ailə başçısının irəli sürdüyü “həmin gün – bu gündür!” şüarı onların devizinə çevrilmişdi.

1971-ci ilin yayında maqnitometrin əqrəbi suyun dibində xeyli metal kütlənin olduğunu xəbər verdi. Suya baş vuran dalğıc dənizin dibində çox yekə lövbərin olduğunu söylədi. Bu, Fişerin axtardığı olmasa da, fotoqraf Don Kinkeydə aşağı enərək lövbərin şəklini çəkməyi tapşırdı.

Fotoqraf tapşırığı yerinə yetirib yuxarı qalmaq istərkən təsadüfən gözü dənizin dibindəki başqa bir artefakta sataşdı. Bu, qalın və 3 metr uzunluğunda olan boyun zənciri idi. Kinkeyd əvvəlcə onun latun olduğunu düşünür, lakin suyun üzərinə qalxdıqdan sonra qızıl olduğu məlum olur. Bu, əlbəttə, çox qiymətli tapıntı idi, lakin “Atoça”ya, yoxsa başqa gəmiyə məxsus olması bilinmirdi.

Bundan sonra iki il müddətində heç bir şey tapılmadı. 1973-cü ildə isə bir ərazidə 1460 gümüş pul tapıldı. Dalğıclar həmin yerin “ispan bankı” adlandırmağa başladılar. Lakin bu pulların da “Atoça”ya, yoxsa başqa gəmiyə məxsus olduğunu söyləmək çətin idi.

Ümidverici cəhət o idi ki, onların hamısı 1616-1621-ci illərdə kəsilmişdi. Əgər 1622-ci ildən sonraya aid olsaydılar, təbii ki, heç cür “Atoça”nın yükü ola bilməzdilər.

İyulun 4-də Fişerin kiçik oğlu Keyn üç qızıl külçə tapdı. Onların üzərində Roma rəqəmləri ilə nömrələr həkk olunmuşdu. İspaniya arxivlərindəki sənəddən çıxarılan surətlə tutuşdurarkən bu nömrə onların “Atoça”ya məxsus olduğunu göstərirdi. Külçələrin çəkiləri də sənəddə göstərilən qədər idi, 36 kiloqram.

Lakin bir neçə azsaylı gümüş və qızıl artefakt istisna olmaqla külçələrin yanında daha başqa şey tapılmadı. Görünür, qasırğanın vurduğu “Atoça” sərvətlərini suyun altında səpələyə-səpələyə üzüaşağı getmişdi. Bununla belə, bu 3 külçə “Atoça”nın sərvətlərinin tapıla biləcəyinə inamı artırdı.

1975-ci ilin iyulun 13-də Mel Fişerin böyük oğlu Dirk üst-üstə düşmüş beş bürünc top tapdı. 30 metr aralıda isə daha dörd top vardı. Bu ərazidə daha üç qızıl külçə və çoxlu sayda gümüş pul toplandı. Tapıntı dəfinə ovçularının böyük sevincinə səbəb oldu. Heç kəs şübhə etmirdi ki, əsas sərvətlər haradasa yaxınlıqdadır.

Lakin gözlənildiyinin əksinə olaraq topların həndəvərində başqa bir şey tapılmadı. Bununla belə, tapıntı “Atoça”nın batandan sonra getdiyi istiqamətin müəyyən olunmasında mühüm rol oynadı – cənub-şərq. Bu da axtarışları daha konkret istiqamətdə aparmaq üçün çox önəmli idi.

Topların tapılmasından bir həftə sonra, iyulun 20-də isə faciə baş verdi. Gecələdikləri qayığa su dolması və çevrilməsi nəticəsində Dirk Fişer, arvadı Anjela və daha bir dalğıc həlak oldu. Bununla axtarışlarda fasilə yarandı. Mel Fişer bəlkə ilk dəfə işləri dayandırmaq barədə düşündü.

Fişer ailəsi üzvlərinin dediyinə görə, bu zaman onları düşündürən “Dirk necə istərdi?” sualı idi. Sonda “Dirk yəqin ki, işlərin davam etdirilməsini istərdi” qənaətinə gəlindi və iki ay sonra işlər bərpa olundu. Mel Fişer yenə də hər səhər “O gün – bu gündür!” deməkdə davam edir.

“Atoça” isə yenə də gizlənməkdə davam edirdi. Ara-sıra qızıl və gümüş əşyalar tapılırdı. Gəmi sanki gizləndiyi istiqamətə doğru ipucu verirdi. Lakin sərvətin əsas hissəsi tapılmırdı.

1980-ci ilin yayında yetərincə geniş əraziyə səpələnən qızıl və gümüş külçələr, pullar, müxtəlif əşyalar tapıldı. Bütün bu sərvətin dəyəri 20 milyon dollar civarında qiymətləndirildi. Lakin araşdırma zamanı onların “Atoça” ilə eyni gündə batmış “Santa-Marqarita” gəmisinə aid olduğu aşkarlandı.

1983-cü ildə axtarışların ənənəvi cənub-şərq xəttindən bir qədər şərqə doğru kənarlaşan istiqamətdə “Atoça”ya aid bir neçə artefakt və mis külçələr tapdılar. Tapıntının maddi dəyəri elə də böyük deyildi, lakin dalğıclara yeni istiqamətin göstərilməsi baxımından əhəmiyyətli idi. Keyn Fişerin rəhbərlik etdiyi qrup məhz bu istiqaməti araşdırmağa başlayır.

20 iyul 1985-ci il, Dirk Fişerin ölümünün 10-cu ildönümü günü. İki dalğıc dənizin dibini maqnitometrlə axtarmaqda davam edirlər. Qəfildən onlardan biri digərinin kürəyinə vuraraq barmağını harasa uzadır. Onun göstərdiyi istiqamətdə qaya parçasını xatırladan bir şey var. Hündürlüyü 1 metrə çatan, uzunluğu 22 metr, eni 6 metr olan qaya parçası.

Lakin yaxınlaşanda məlum olur ki, bunlar üst-üstə toplanmış yüzlərlə gümüş külçələrdir. “Atoça”nın külçələri! Mel Fişer 16 il ərzində axtardığı sərvəti nəhayət ki, tapdı. Burada 363 il ərzində bir-birinə yapışaraq qalmış 1000-dən artıq külçə vardı.

Xəbəri “Treasure Salvors” şirkətinin ofisinə ötürəndə Mel Fişer orada deyildi. Ağıla gələn bütün yerləri axtardılar, lakin tapmadılar. Məcbur qalıb yerli radioda elan verdilər. Yolüstü kiçik barların birinə girərək sərinləşdirici içki içən Mel bu elan sayəsində anladı ki, həmin gün – bu gündür, 20 iyul 1985-ci il.

Ümumi çəkisi 40 tondan artıq olan gümüş külçələrin yanında 114 min ədəd gümüş pul, 3200 ədəd cilalanmamış zümrüd tapıldı. Bu zümrüdlər gəminin sənədlərində qeyd olunmamışdı, qaçaqmal idi. Tapılan sərvətin ümumi dəyəri sonralar 450 milyon civarında qiymətləndiriləcək!

***

Florida ştatı öz sahilləri yaxınlığında batan gəmidən tapılan sərvətlərdə haqqı olduğunu iddia edir və 25% pay istəyirdi. İllərlə sürən məhkəmə çəkişmələrindən sonra ABŞ Ali Məhkəməsi 1992-ci ildə ştatın iddiasını əsassız hesab etdi və tapılan sərvət üzərində Mel Fişerin şəriksiz hüququnu tanıdı.

Onu da qeyd edək ki, tapılan qiymətli əşyalar “Atoça”nın sərvətinin yalnız yarısını təşkil edir. İndiki qiymətlərlə 500 milyon dollar dəyərində sərvətin hələ də dənizin dibində olduğu güman edilir. Bir özəl məktuba əsasən “Atoça”da 32 kq qaçaqmal zümrüdün olduğu təxmin edilir. İndi tapılanların çəkisi isə heç 3 kq etmir.

Mel Fişer 1998-ci ildə vəfat etsə də, övladları, hətta nəvələri axtarışları davam etdirirlər. Hərdən qiymətli əşyalar tapırlar. Məsələn, 2011-ci ildə tapılan və güman ki, zəngin sərnişinlərdən birinə məxsus olan 10 karatlıq zümrüd qaşlı üzüyə mütəxəssislər tərəfindən 500 min dollar qiymət qoyuldu.

***

Otuzillik müharibənin nəticələri Avropada dinin siyasətə təsirini xeyli azaltdı. Bir əsr davam edən məzhəb müharibələrinə son qoyuldu, dözümlülükdən başqa yol olmadığı qəbul edildi. İndi dövlətlər xanədan, milli və iqtisadi maraqlara əsaslanan xarici siyasət yürüdürdülər.

Müharibədən sonra Vestfal beynəlxalq münasibətlər sistemi formalaşdı. Bu sistem “tarixi həqiqət” hüququnu rədd etdi. Məhz Vestfal sülhü ilə milli dövlətlər prinsipi qəbul edildi. Bu sistemin bir çox prinsipi hətta bu gün də fəaliyyət göstərir. Müasir Avropanın bünövrəsinin məhz Otuzillik müharibədən sonra qoyulduğunu söyləməyə xeyli əsaslar var.

Bütün bunlar İspaniyanın daxil olduğu koalisiyanın məğlubiyyəti nəticəsində mümkün oldu. Kim bilir, bəlkə də “Nuestra Senyora de Atoça” gəmisi batmasaydı və ispan kralının kəskin ehtiyacı olan sərvətləri özü ilə dənizin dibinə aparmasaydı, indi tamamilə başqa, heç də daha yaxşı olmayan dünyada yaşayardıq?

Ana səhifəAnalitika”Atoça”nın sərvətləri