”Atletlər kəndi”ndəki qəzaya görə həbs olunanlara hökm oxundu

Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər

Source:
atletlər kəndində qəza
atletlər kəndində qəza


Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş yol qəzası ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmdə qeyd edilib ki, digər təqsirləndirilən şəxslərlə bağlı ittiham təsdiqini tapsa da, Hüseyn Salamovla bağlı hissədə bu təsdiq olunmur. Ona görə də Hüseyn Salamovun ittihamı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddədən 314-cü (səhlənkərlıq) maddəyə tövsif edilib. Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.


Vəli Əhmədovla Hüseyn Salamov cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Ötən il iyunun 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

Ana səhifəXəbərlər”Atletlər kəndi”ndəki qəzaya görə həbs olunanlara hökm oxundu