Vanessa Sahinovic-in həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir
Azadlıq Radiosu Avstriyanın
sport.at
saytına istinadla yazır ki, Vanessa Sahinovic-in həyatı üçün təhlükə aradan qalxsa da, müalicəsi bitəndən sonra hərəkət qabiliyyətini tam bərpa edib-etməyəcəyi bilinmir. Onun valideynləri yeni mənzil axtarışındadırlar. Ailə hazırda ikinci mərtəbədə yerləşən bir mənzildə yaşayır və mənzildən imtina etmək məcburiyyətindədirlər, çünki onlara əlil arabasının rahat girib-çıxa biləcəyi ev lazımdır.
Məqalədə deyilir ki, avstriyalı idmançı Bakıdakı Avropa Oyunlarına sinxron üzgüçü kimi getmişdi və medal uğrunda mübarizə apacağını düşünürdü. Lakin hər şey əksinə oldu. O, yaşam uğrunda mübarizə aparmalı oldu.
Avstriyalı həkimlər Sahinovic-in üzərində əməliyyat aparandan sonra onu süni koma vəziyyətində saxlamağa qərar vermişdilər.
Sayt Bakıdakı avtobus qəzasını yada salaraq yazır ki, “sürücü” qaz pedalıya əyləci dəyişik salıb və ümumiyyətlə, 15 yaşlı gəncin həmin qəzadan sağ çıxması möcüzədir. Onun bud və çanaq nahiyəsi, həmçinin bel sümüyü ciddi zədə alıb. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.
İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Digər iki idmançının xəsarəti ağır olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.