”Atletlər kəndi”ndə qəza törədən sürücünün məhkəməsi davam edir (VİDEO)

Təqsirləndirilən şəxs: “Sürücülərin siyahısını MTN-ə vermişdik”

Source:

Təqsirləndirilən şəxs: “Sürücülərin siyahısını MTN-ə vermişdik”

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş yol qəzası ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib.  İttiham aktı elan olunduqdan sonra təqsirləndirilən şəxslər ona münasibət bildiriblər. Təqsirləndirilən Vəli Əhmədov özünü təqsirli bildiyini desə də, Hüseyn Salamov, Fərid Əmiraslanov təqsirli bilmədiklərini, Elçin Həsənov isə qismən təqsirli bildiyini deyib.

Daha sonra təqsirləndirilən şəxslərdən avtobusun sürücüsü Vəli Əhmədov ifadə verib. O bildirib ki, 20 ildir avtobus sürücüsü işləyir və əvvəllər bir dəfə yol qəzası törədib. Onun sözlərinə görə, işə qəbul edilməzdən əvvəl üç gün treninq keçiblər: “Biz həmin avtobusları bir neçə dəfə idarə etmişik. Avtobuslarda hər hansı problem yox idi. Hadisə vaxtı avtobusda on nəfərə yaxın xarici idmançı və polis əməkdaşı var idi. Qəflətən avtobus sürətlə getməyə başladı və əyləc işləmədi. Bu zaman mən özümü pis hiss etdim. Həyəcandan özümdən getdim. Huşum özümdə deyildi. Avtobusun haraya dəyib dayandığını xatırlamıram. Qəza zamanı avtobusda olan polis əməkdaşı “Sən neylədin?”- deyib qışqırdı. Qəzadan sonra özümə gəldim və avtobusdan düşdüm. Lakin ayaqlarım işləmirdi”.

Daha sonra Vəli Əhmədov proses iştirakçılarının suallarına cavab verib. O, bildirib ki, Avropa Oyunları zamanı avtobus sürücüsü işləmək üçün ona 750 manat maaş verilməsi vəd olunub.

Digər təqsirləndirilən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq şöbə rəisi Hüseyn Salamov isə ifadəsində bildirib ki, hadisənin baş verməsində hər hansı rolu olmayıb: “Biz oyunlar zamanı işləyəcək sürücülərin siyahısını Milli Təhlükəsizlik Nazirliyinə vermişdik. Oradan gəlib bizdən işləyəcək şəxslərin siyahısını istəmişdilər. Həmin siyahıdan bir neçə nəfərin adın çıxartmışdılar ki, işləyə bilməzlər. Mən verilən işin öhdəsindən gəlmişəm və hadisənin baş verməsində rolum olmayıb”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə ondan siyahını şifahi şəkildə MTN-nin əməkdaşına verməklərinin səbəbini soruşub: “Nəqliyyat Nazirliyi də Milli Təhlükəsizlik Nazirliyi də dövlət qurumudur. Bu qurumlar arasında yazışmalar olmalıdır. Kimsə gəlib özbaşına sənəd apara bilməz. Hər hansı sənədi götürmək üçün məhkəmə qərarı olmalıdır. Sizə heç bir məktub gəlmədiyi halda, MTN əməkdaşlarına niyə siyahı verirdiniz ” – sualına Hüseyn Salamov “MTN bizdən yüksək qurum olduğu üçün siyahını istədilər, biz də verdik” – deyə cavab verib.

Proses aprelin 29-da davam etdiriləcək.

Yanvarın 15-də keçirilən hazırlıq iclasında məhkəməyə Baş Prokurorluqdan daxil olan məktub oxunub. Məktubda bildirilib ki, zərərçəkən şəxslərə Avstriya səfirliyi və Avropa Komitəsi tərəfdən istintaqın başa çatması və işin məhkəməyə göndərilməsi barədə məlumat verilib. Prosesdə təqsirləndirilən Vəli Əhmədovun vəkili vəsatətlə çıxış edərək deyib ki, ittiham üzrə zərərçəkən şəxslərin ifadəsi yoxdur. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə onun vəsatətini təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb.

2015-ci il iyunun 11-də I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov saxlanılıb.

Ana səhifəXəbərlər”Atletlər kəndi”ndə qəza törədən sürücünün məhkəməsi davam edir (VİDEO)