”Atletlər işi”: Vəkillərin müdafiə çıxışı davam edir

“Biz nəsə deyəndə deyirlər ki, açıb ağartmayın”

Source:
atletlər kəndində qəza
atletlər kəndində qəza

“Biz nəsə deyəndə deyirlər ki, açıb ağartmayın”

İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV əməkdaşının məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə Hüseyn Salamovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Fərid Əmiraslanovun vəkili Gülşən Salmanova isə göstərilən ittihamların öz təsdiqini tapmadığını bildirib: “Bizim heç bir vəsatətimiz təmin edilmədi. Deyirlər ki, dövlət tədbiri idi, gərək belə olmazdı. Bəli, belə olmamalı idi. Amma işi düzgün araşdırmaq lazımdır. Biz nəsə deyəndə deyirlər ki, açıb ağartmayın, bu iş belə gəlib, belə gedəcək, belə də hökm oxunacaq. Axı nəyə görə? Prokuror Fərid Əmiraslanova ən ağır cəza -5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istədi. Fərid Əmiraslanovun ilk məhkumluğu, müsbət xarakterizə olunması, yaxşı işçi olması, ali təhsilli olması yüngülləşdirici hallar kimi nəzərə alına bilməzdi? Onun işində ağırlaşdırıcı halların olmaması nəzərə alına bilməzdi? Heç bir sübut araşdırılmadı və bütün sübutlar əsassız və saxtadır. Xahiş edirəm Fərid Əmiraslanovun barəsində bəraət hökmü çıxardasınız”.

Daha sonra hakim bildirib ki, Fərid Əmiraslanovun digər vəkili Ağaveys Şahverdi xəstə olduğu üçün iclasda iştirak etmir. Hakim bildirib ki, vəkil müdafiə çıxışı etmək istədiyini deyib. Buna görə proses iyulun 22-dək təxirə salınıb.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərdən Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Ötən il iyunun 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir. V. Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

Ana səhifəXəbərlər”Atletlər işi”: Vəkillərin müdafiə çıxışı davam edir