“Talış dili Azərbaycanda təzyiq altında olan dillər sırasındadır”
Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb.
Təşkilat bildirib ki, talış dili statusu olmadığına görə təzyiq altında olan dillərdəndir:
“21 fevral dünyada hər il Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Ana dilləri basqı altında olan xalqlar və etnoslar bu günü məxsusi qeyd edirlər. Vətənimiz Azərbaycanda talış dili də özünü statusuna, daha doğrusu statussuzluğuna görə dünyada təzyiq altında olan dillər sırasındadır”.
ATİŞ qeyd edib ki, indiyə qədər Azərbaycan rəsmiləri onların bu problemlə bağlı müraciətlərini cavablandırmır:
“Azərbaycan Talışların İctimai Şurası olaraq illərdir ki, talış dilinin vəziyyəti, bu sahədə Azərbaycan Respublikasının Konstitusiyası və dövlətimizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq tədbirlər görülməsi ilə bağlı Azərbaycan səlahiyyətlilərinə müraciətlər ünvanlayırıq. Təəssüflər olsun ki, belə müraciətlərin heç biri cavablandırılmır. Bir tərəfdən Azərbaycan hökuməti bu sahədə hərəkətsizlik və sükut göstərməkdə israrlı görünür, digər tərəfdən talış dilinin aradan çıxması istiqamətində ildən-ilə basqıları artırır”.
İctimai Şura talış dilinin sovet hakimiyyəti dövründə də basqılara məruz qaldığını deyib:
“Talış dili mənfur Stalin repressiyasına məruz qalıb. Amma SSRİ-nin son illərində talış dilinin tədrisinin bərpası, bu dildə mətbuat və radio yayımı ilə bağlı xırda addımlar atıldı. Azərbaycan Respublikasının müstəqilliyi dönəmində talış dilinin qorunması və işlənməsi ilə bağlı təbii vəziyyətin bərpasına ümid olsa da, bu baş vermədi, əksinə dilin tədrisi ilə bağlı sovet hökumətindən qalan miras təzyiq altına düşərək, 2017-2018-ci tədris ilindən etibarən ibtidai siniflərdə talış dilinin tədrisi hansısa Stalinçi nazirin əmri ilə 50 faiz məhdudlaşdırılıb”.
“Beynəlxalq Ana Dili Günü ilə bağlı Lənkəranda talış xanımlarının məktəbli uşaqlara ana dilində şeir səsləndirməklə bağlı tədbirinin polis tərəfindən qadağan edilməsi, tədbirin keçirilməsi üçün nəzərdə tutulan müəssisənin rəhbərinə polisin hədə-qorxusu Respublikamızda talış dilinin təzyiq və təqib altında olmasının bariz nümunəsidir”, – deyə ATİŞ bəyan edib.
Təşkilat talış dilinə indiki münasibəti Stalinin dövründəki təzyiqlərlə müqayisə edib:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təhdid altında olduğu illərdə bu məsələdə Azərbaycan hökumətinin apardığı siyasəti hardasa başa düşmək olardı. Amma indiki şəraitdə – Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpa edildiyi dövrdə talış dilinə qarşı Stalin repressiyasının davamı başa düşülən deyil, bu siyasət bizim dilimizin tamamilə məhv edilməsinə, onun assimilyasiya olunaraq tam sıradan çıxmasına hesablanıb. Hətta Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlərdə belə neobolşevizm özünü aydın şəkildə büruzə verir. Bu məsələ ilə bağlı talışların kompakt yaşadığı ərazilərdəki məktəblərdə ana dilindən – talış dilindən bir kəlmə belə kəsilmir, əksinə talış dili ilə bağlı hökumətin assimilyasiya siyasətinə dəstək verilir”.
“Azərbaycan hökumətinin ultramillətçi siyasi kursu qeyri-türk xalqları assimilə etməyi, ölkəmizdə monoetnik quruculuğunu hədəf götürüb. Azərbaycan Talışların İctimai Şurası olaraq Azərbaycan hökumətinin belə anti-bəşəri siyasətini pisləyirik. Azərbaycançılıq irq, etnos səviyyəsində deyil, vətəndaşlıq səviyyəsində təbliğ və təşviq olunmalıdır. Azad vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu irqçilik üzərində deyil, vətəndaşlıq üzərində baş tuta bilər. Qabaqcıl dünyanın, sivil xalqların təcrübəsi bunu belə diktə edir”, – ATİŞ vurğulayıb.
Lənkəranda nə baş verib?
Lənkəranda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə mane olunduğu bildirilir.
Təşkilatçılardan Könül Rəsul Meydan TV-yə bildirib ki, tədbirin keçirilməsi bir ay öncəyə nəzərdə tutulubmuş.
Bir gün qalmış isə Lənkəran Şəhər Polis İdarəsinin xidmət üzrə rəis müavini İltifat Yusifov heç bir səbəb gətirmədən tədbirin keçirilməsinə mane olub.
Könül Rəsul bildirib ki, iştirakçı sayını 30 nəfər müəyyənləşdiriblər. Mərasimi əvvəlcə yanvarın 28-də keçirməyi qərara alıblar, lakin onlara icazə verilməyib.
Sonradan tədbiri keçirməyə yer tapmayıblar. Məsələyə polis müdaxiləsi olduğu üçün fevralın 21-nə qədər olan müddətdə heç kəs onlara yer verməyib.
Daxili İşlər Nazirliyi nə deyir?
Daxili İşlər Nazirliyindən (DİN) Meydan TV-yə bildirilib ki, tədbirin keçirilməsinə iaşə obyektinin icarədarı razılıq verməyib:
“Yanvarın 26-da Lənkəran Şəhər Polis şöbəsinə Şağlaser kəndində ictimai iaşə obyektində kütləvi tədbir keçiriləcəyi barədə məlumat daxil olub. Rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları tərəfindən həmin obyekti icarə əsasında çayxana kimi işlədən şəxslə əlaqə saxlanılıb. İcarədar bildirib ki, həmin obyektdə müvafiq şəraitin olmadığına görə tədbirin keçirilməsinə onun tərəfindən razılıq verilməyib”.
“Həmin məsələ ilə bağlı polis tərəfindən heç kim saxlanılmayıb, ictimai iaşə obyektinin fəaliyyətinə qadağa qoyulmayıb. İddialar əsassızdır, şəxsi mülahizələrdir”, – DİN-dən sorğumuza cavab olaraq bildirilib.