Deputat bəyanatı “təxribatçı yanaşma” sayır
Azərbaycan Talışları İctimai Şurasının (ATİŞ) həmtəsisçisi və İdarə Heyətinin üzvü Ataxan Əbilov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyeva müraciət edib.
Müraciətin səbəbi Lənkəranın 2024-cü ildə “Türk dünyasının gənclər paytaxtı” seçilməsidir.
Ataxan Əbilov yazır ki, Azərbaycan Talışları İctimai Şurasının İdarə Heyəti Lənkəran şəhərinin 2024-cü il “Türk dünyasının gənclər paytaxtı” adına namizəd kimi irəli sürülməsindən dərin narahatdır və qəti etirazlarını ifadə edir.
“Talışlara qarşı mədəni təcavüz aktıdır”
Onun fikrincə, Qarabağ münaqişəsi həll edildikdən sonra gözləntilərinin əksinə olaraq Azərbaycan hakimiyyəti aborigen xalq olan talışlara qarşı tədbirlərini daha da intensivləşdirib:
“Bu tədbirlərin məqsədi de-fakto ölkənin ikinci ən böyük etnosu olan talışların assimilyasiyasını sürətləndirmək kimi görünür. Belə tədbirlərə məxsusən talışları dil, mədəniyyət, folklor kimi tarixi ənənələrindən məhrum etmək cəhdləri daxildir. Təəssüf ki, görülən tədbirlər yalnız bunlarla məhdudlaşmır. 2023-cü il noyabrın 10-da ölkə mətbuatında gedən “Türk Dövlətləri Təşkilatının (TDT) Lənkəranın “Türk dünyasının gənclər paytaxtı” namizədliyi ilə bağlı təklifini qəbul etməsi” informasiyası bizi xüsusilə məyus etdi. Bu qərar talış ictimai fəalları və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasından sistemli şəkildə imtina edilən talış qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən narahatlıqlar nəzərə alınmadan qəbul edilib”.
“Azərbaycan Respublikasının tərəfdaşı olduğu Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Sazişinin işığında diqqətinizi bu sənədin 5-ci maddəsinin 2-ci hissəsinə yönəltmək istərdik. Orada deyilir: “Tərəflər öz ümumi inteqrasiya siyasətlərinin inkişafı üçün gördükləri tədbirlərə zərər vurmadan milli azlıqlara mənsub şəxslərin iradələrinin ziddinə onların assimilyasiyası məqsədi daşıyan hər hansı siyasi və praktiki hərəkətlərdən çəkinirlər və bu şəxsləri belə assimilyasiyaya yönəldilmiş hər bir hərəkətdən qoruyurlar”. Sizdən hörmətlə rica edirik ki, bu norma talış xalqının hüquqlarını və kimliyini qorumaq üçün istifadə edilsin”, – deyə Əbilov əlavə edib.
O, ictimai fəalların Lənkəranın 2024-cü ildə “Türk dünyasının gənclər paytaxtı” elan edilməsini talışlara qarşı mədəni təcavüz aktı və Azərbaycan rəhbərliyinin məcburi assimilyasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirdiyini qeyd edib:
“Bu kontekstdə talışların qədim Hind-Avropa və İran mədəniyyət və sivilizasiyanın daşıyıcıları və varisləri olduğunu etiraf etmək vacibdir. Biz qəti əminik ki, Lənkəranı talışların tarixi mərkəzi kimi türk dünyasının gənclər paytaxtı adlandırmaq olmaz. Əvəzində türk dünyasının gənclər paytaxtı kimi talış xalqına aid olmayan başqa bir Azərbaycan şəhərinin seçilməsini təklif edirik”.
“Azərbaycanın tarixi boyu azərbaycanlı-talışlar azərbaycanlı-türk qardaşları ilə çiyin-çiyinə dayanıb, həm kədərlərini, həm də sevinclərini bölüşüblər. Lənkəranın “2024-cü il – Türk dünyasının gənclər paytaxtı” elan edilməsi talış xalqının zəngin tarixi və mədəniyyətinə təhlükə olmaqla yanaşı, həm də ölkədə əsrlər boyu formalaşan xalqlararası harmoniyasına, inam və etimada ciddi zərbə vurur”, – deyə o qeyd edib.
Müraciətdə oktyabrın 18-də Lənkəranda təşkil olunan “Azərbaycan mətbəxi türk kulinariya mədəniyyətinin təcəssümü kimi” adlı respublika elmi-praktik konfransı və milli mətbəx festivalında tarixi Talış mətbəx mədəniyyəti yanlış şəkildə daha geniş coğrafiyaya malik türk identikliyi ilə əlaqələndirilməsinin də narahatlıq doğurduğu vurğulanıb.
Ataxan Əbilov ümid edir ki, Türk Dövlətləri Təşkilatı öz qərarına yenidən baxacaq və talışların Azərbaycanda zorla assimilyasiyasını təşviq edən tədbirlərdə iştirakdan çəkinəcək:
“Biz eyni zamanda inanırıq ki, Çərçivə Sazişini dəstəkləyən sivil dünya Azərbaycan hökumətinin bu cür hərəkətlərini pisləyəcək. Biz bu məsələyə diqqət göstərəcəyinizə və mədəni müxtəliflik, azlıqda qalan xalqların qorunması və beynəlxalq əməkdaşlıq prinsiplərini dəstəkləyəcəyinizə ümid edir və Sizdən bu yöndə qərarların qəbul edilməsini səbirsizliklə gözləyirik”.
“Fransa və başqa ölkələrin Azərbaycana qarşı təhdid və təxribatlarının hansısa formada ifadəsidir”
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Ataxan Əbilovun müraciətini “təxribatçı yanaşma” adlandırıb.
O bildirib ki, bu, Fransa və başqa ölkələrin Azərbaycana qarşı təhdid və təxribatlarının hansısa formada ifadəsidir:
“Çünki heç bir ciddi səbəb olmadan hansısa assimilyasiyadan, milli azlıqların hüquqlarından danışmaq yersizdir. Qərarda yazılıb ki, Lənkəran Türk Dünyasının Gənclər Paytaxtı elan olunsun. Lənkəran başqa ölkənin yox, Azərbaycan şəhəridir və burada talışların, yaxud türklərin deyə bölgü aparmaq tamamilə absurddur. Hələ Lənkəranda kompakt yaşayanların hansı millətə mənsub olması və özü də bu formada açıqlamaların müəyyən dərəcədə yanlış olduğunu göstərir. Çünki Lənkəranda bütün xalqların təmsilçiləri bir-biriylə dostluq şəraitində yaşayır. İndi belə bir ayrılıqçı yanaşma nə deməkdir?!”.
“Azərbaycan türk dünyasının tərkib hissəsidir, əslində, türk dövlətlərinin marağının Lənkərana yönəlməsi bu şəhərin inkişafı baxımından olduqca faydalıdır. Çünki Lənkəranda mədəni infrastrukturun inkişafına daha da köməklik göstərəcək. İkincisi, şəhərin tanıdılması və mədəni mühitinin daha aydın təsəvvür olunması baxımından olduqca faydalıdır, həm də bölgənin inkişafına xidmət edən əsas amillərdən biri olacaq! Bu inkişafa qarşı təxribatçı müraciət yaymaq açıq-aşkar düşmənçilikdir və Azərbaycandakı xalqlar arasında nifaq salmaq niyyəti güdür”, – deyə Fazil Mustafa əlavə edib.
Onun sözlərinə görə, Əbilovun yazdıqları talış xalqının ziyanınadır:
“Çünki talış xalqıyla probem yaratmayan bir məsələni bu cür milli zəmində bir narahatlıq amilinə çevirmək düşmənçilikdən başqa bir şey deyil. Azərbaycanda bütün xalqlar kimi türklər, talışlar, ləzgilər, avarlar, inqloylar, hamısı qardaşdırlar. Kim Azərbaycan vətəndaşı olmaqdan qürur duyursa, vətəndaşlıq modeli içində bütün xalqlar bərabər və sayğılı münasibətdədir. Hansısa bir diskriminasiyadan da söhbət etmək mümkün deyil. Belə bir diskriminasiya olsaydı, bu xalqların övladları Qarabağın azadlığı üçün bir yerdə vətən savaşına qalxardılarmı? Ona görə müraciət vətən savaşında haqqı olmayanların yanaşmasıdır”.
“Qərar Azərbaycanın başqa şəhərlərinə şamil olunmalı idi“
Hüquq müdafiəçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Hilal Məmmədov da qərarı doğru saymır.
O, Meydan TV-nin sorğusuna cavabında deyib ki, bir neçə kəndi istisna olmaqla, Lənkəran şəhəri və əksər kəndləri talışlardan ibarətdir:
“O cümlədən, Astara, Lerik, Masallıda da talışlar çoxluq təşkil edir. Bəli, türklər və başqa xalqlar da var. Amma Lənkəranı türk ölkələrinin mərkəz şəhəri adlandırmaq doğru deyil. Bu mənada niyə məhz Lənkəranın 2024-cü ildə “Türk dünyasının gənclər paytaxtı” seçilməsi narazılıq yaradıb. Çünki illərdir ki, Lənkəran başda olmaqla Talış Mədəniyyət Mərkəzi müxtəlif tədbirlər keçirmək üçün müraciət edib, imkan verilməyib. İndi isə Türk Dövlətləri Təşkilatı 2024-cü ildə tədbir salıb. Bu anlaşılmaz və absurddur. Eyni zamanda, bu yöndə məqsədlər və niyyətlər də xoş deyil”.
Hilal Məmmədov da hesab edir ki, qərar Azərbaycanın başqa şəhərlərinə şamil olunmalı idi:
“Ona görə həmin tədbirin Gəncədə və ya Bakıda keçirilməsi anlaşılan olardı”.
“ATİŞ-in belə bir açıqlamasına ehtiyac yox idi“
Milli Şuranın sədri, tarixçi-alim Cəmil Həsənli Meydan TV-yə deyib ki, Azərbaycan unitar dövlət olduğundan hər bir rayon və şəhərdə siyasi, iqtisadi və mədəni məzmunlu tədbirlər keçirilə bilər.
Onun sözlərinə görə, əvvəla xalqlar bir-birinə qaynayıb-qarışıb:
“Nə coğrafi, nə də milli-mənəvi sərhəd çəkməyə ehtiyac var. Məsələn, Zülfüqar Əhmədzadə nə qədər talış ziyalısıdırsa, bir o qədər də türk ziyalısıdır. Son müharibə ümumiyyətlə, Azərbaycanda etnik problemin olmadığın göstərdi. Talışlar öz dili, mədəniyyəti, tarixi ilə Azərbaycanın varlığının bir hissəsidir, onu daha da zənginləşdirir. Məncə, ATİŞ-in belə bir açıqlamasına ehtiyac yox idi”.
“Reallığa gəldikdə, Lənkəran şəhərində həmişə türklər çoxluq təşkil ediblər. Müxtəlif illərdə əhali sayımlarının nəşr olunmuş məlumatları bunu təsdiq edir. 1897, 1921, 1926, 1937 və 1939-cu il əhali sayımında Lənkəran şəhərində yaşayanların mütləq əksəriyyətinin türklər olduğu qeyd edilib. Bu, əhali sayımları içərisində talışların ən yuksək qeyd olunduğu 1926-cı il əhali sayımıdır, həmin il SSRİ-də ümumittifaq əhali sayımı keçirildi. 1926-cı il əhali sayımında rəqəmlər yaşayış məntəqələri və dil göstəriciləri üzrə verilib. Məsələn, Lənkəran qəzasında toplam 108 min 215 nəfər kişi, 100 264 nəfər qadın yaşayıb. Qəzada kişilərin 57 722 nəfəri, qadınların 53 469 nəfəri türk olub. Eyni bölgü üzrə kişi əhalinin 39 900 nəfəri, qadınların isə 37 367 nəfəri talışlar olublar”, – Cəmil Həsənli qeyd edib.
“Lənkəran şəhərinə gəldikdə, şəhərdə toplam kişi əhalisi 6 min 358, qadın əhalisi isə 5 min 720 nəfər idi. Bunun etnik mənzərəsi belə olub: kişilərin 4 874 nəfəri, qadınların 4427 nəfəri türk olub. Şəhərdə qeydə alınan talışların sayına gəldikdə, kişilər 134, qadınlar 88 nəfər göstərilir. Yaxud 946 rus kişisi olub, 923 rus qadın. Bunlar Lənkəran şəhərinə aid 1926-cı ilin rəsmi statistik rəqəmlərdir. Yaxud ayrıca məntəqə kimi qeydə alınan Şürükdə vəziyyət bunun tam əksidir. Məsələn, həmin siyahıya almada Astarada etnik mənzərə tamamilə fərqlidir. Astarada 11 849 kişi, 11 033 qadın yaşayıb ki, onların kişi əhalisinin 9 479-u talış, qadın əhalisinin 9130 nəfəri talışdır. Türklərin sayı isə 1308 nəfər kişi, 1163 nəfər qadından ibarətdir. Beləliklə, Astarada əhalinin mütləq əksəriyyətinin talış olduğu göstərilibsə, şübhə üçün əsas qalmır”, – Milli Şuranın sədri vurğulayıb.
Onun sözlərinə görə, əgər saxtalaşdırma olsaydı, eyni dərəcədə Astarada da bunu edə bilərdirlər:
“Yaxud qəzanın Boradigah dairəsini götürək, 1926-cı ilin siyahıya alınmasında burada toplam 14 914 kişi, 13 708 qadın yaşayıb. Onun kişi əhalisinin 11 401 nəfəri talış, qadın əhalisinin 10 511 nəfəri talışdır. Boradigahda kişi əhalisinin 2 852 nəfəri, qadın əhalisinin 2688 nəfəri türk göstərilir. Həmin vaxt ayrı dairə kimi qeydə alınan Masallıda 14 365 nəfər kişi, 13 171 qadın qeydə alınıb. Onlardan 12 840 kişi, 14 608 qadın türk kimi göstərilib. Bu rayonda kişi əhalisinin 930 nəfəri talış, qadın əhalisinin isə 955 nəfəri talışdır. 1926-cı il siyahıya alınmasında Masallı nahiyəsi ayrıca götürülüb və Boradigahı da ayrıca verib, ikincidə birincidən fərqli olaraq mütləq əksəriyyət talışlardır“.
Cəmil Həsənli qeyd edib ki, ötən əsrin 40-cı illərindən sonra Lerikdə bir sıra sərhəd kəndlərinin köç prosesi başlayıb və onların əksəriyyəti Lənkərana axın edib:
“Düzdür, onların bir hissəsi Biləsuvarda, bəziləri isə Şirvan rayonlarına gətirildi. Bu daimi köç 70-ci illərə qədər davam etdi. Dağ kəndlərindən yaxın şəhərlərə axın ümumi tendensiya idi. Beləliklə, indi Lənkəran şəhərinin etnik mənzərəsində fərq varsa, bu, 40-70-ci və sonrakı illərdə dağdan Lənkərana köçənlərin hesabınadır. Amma 1921, 1926, 1937 və 1939-cu illərin siyahıya almalarında Lənkəranda əhalinin mütləq əksəriyyəti türk kimi qeydə alınıb. 1940-cı illərdən sonrakı statistikalar obyektivliyi əks etdirmir. Ona görə də həmin sənədlərə toxunmuram. Amma 1921, 1926, 1937 və 1939-cu il siyahıya almalarında Lənkəranda əhalinin mütləq əksəriyyəti türk kimi qeydə alınıb. Söhbət kəndlərdən yox, Lənkəran şəhər əhalisindən gedir”.