“İqbal Əbilovun yalnız bir “günahı” var – talış xalqının tarixi və mədəni irsinin araşdırılması”
Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) etnik tədqiqatçı İqbal Əbilova barəsində verilmiş 18 illik həbs cəzasına etiraz bildirən bəyanat yayıb.
Şuradan Meydan TV-yə göndərilən bəyanatda mayın 20-də İqbal Əbilova hökm oxunan məhkəmə prosesini ədalətsizlik səhnəsi adlandırılıb.
“İqbal Əbilovun yalnız bir “günahı” var! Bu, talış xalqının tarixi və mədəni irsinin araşdırılması, onun ictimaiyyətə çatdırılmasıdır. Məhz buna görə, onu zindana salan rejim, cəmi bir gün sonra, 21 may tarixində ədalətsiz həbsinin talışlar tərəfindən “sevinclə bayram” etməklərini ictimaiyyətə təqdim etmək üçün, Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında Talış folkloru tədbiri təşkil etdirdi. Bu, repressiyanın və siyasi riyakarlığın ən iyrənc nümunəsidir”.
“Hakimiyyət bir tərəfdən xalqın tədqiqatçısını gedər-gəlməzə göndərir, digər tərəfdən isə talış mədəniyyətinin nümayişi ilə bağlı beynəlxalq ictimaiyyətə “etnik müxtəlifliyə hörmət” görüntüsü təqdim etmək istəyir. Bu, bir xalqın ağrısını dekorativ folklor ansambllarının kölgəsində gizlətmək cəhdidir. Bu cür məkirli oyunlar, repressiya və süni vitrin tədbirləri bizim mənəvi yaddaşımızı susdura bilməz”, – bəyanatda belə deyilir.
ATİŞ bəyanatında İqbal Əbilovla bağlı çağırış da edib:
- “ Gənc tarixçi alim İqbal Əbilova qarşı siyasi sifarişlə çıxarılan hökmü qətiyyətlə pisləyirik!
- Talış xalqının folkloru, tarixi və mədəni irsi repressiya və məkrli tədbirlərə haqq qazandırmaq üçün istifadə oluna bilməz;
- Ölkə ictimaiyyətini, beynəlxalq təşkilatları, insan hüquqları institutlarını bu ikili standartlı siyasətə diqqət yetirməyə və İqbal Əbilovun taleyinə biganə qalmamağa çağırırıq;
- Biz bu sayaq oyunbaz, məkrli siyasətin ifşasını davam etdirəcək və xalqımızın səsi olacağıq”.
“Bir daha bildiririk ki, Azərbaycan Talışların İctimai Şurası iqtidarlı müxalifətli Azərbaycan ictimaiyyəti ilə ölkədə azad, ləyaqətli vətətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyə hazırdır və bu istiqamətdə fəaliyyətini davam etdirmək əzmindədir, – şuranın bəyanatında deyilir.
“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.
O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.