Hüquqşünas 9 nəfərin həbs olunduğunu, onlardan birinin isə yetkinlik yaşına çatmadığını deyir
Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin həmsədri, hüquqşünas Ataxan Əbilov Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror və dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə təşkilatın adından müraciət edib.
Əbilov sosial şəbəkələrdə talış xalqını təhqir edən şəxsi müdafiə edən Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovun qeyri-qanuni əməllərindən şikayətçi olduğunu deyir.
O qeyd edib ki, talışları sosial şəbəkədə təhqir edən şəxslə bağlı videogörüntülər də var və onları istənilən quruma təqdim edə bilər:
“Bir müddət əvvəl sosial şəbəkələrdə Bakı sakini Nəzirxan Ağaxanov adlı şəxs ard-arda yaydığı çoxsaylı videolarda talış xalqını və qadınlarını küçə söyüşləri ilə təhqir edib. Həmin video materialları təqdim edə bilərik”.
Hüquqşünas bildirib ki, Nəzirxan Ağaxanovun qanunsuz əməlləri və təhqir videoları sosial şəbəkələrdə yayılan gündən dəfələrlə ayrı-ayrı talış əsilli ölkə vətəndaşları hüquq-mühafizə orqanlarına, xüsusən də Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə yazılı müraciətlər etsələr də, tədbir görülməyib:
“Ağaxanov Nəzirxanın törətdiyi nalayiq əməllərə münasibətdə hərəkətsiz davranan hüquq mühafizə orqanları ona etiraz edən vətəndaşları dərhal həbs edir. Onların sayı biri yetkinlik yaşına çatmayan, ikisi isə İkinci Qarabağ müharibəsinin veteranı olmaqla 9 nəfərə çatıb. İş üzrə qanunsuz həbslər davam edilməklə yanaşı, xeyli şəxs istintaqa qeyri-qanuni çağırılaraq şantaj edilib, bəzi şəxslərdən isə külli miqdarda rüşvət alınması ilə bağlı söz-söhbət gəzir. Belə bir şəraitdə Nəzirxan Ağaxanovun hərəkətlərinə görə məsuliyyətə cəlb olunması çoxlu suallar doğurur”.
Hüquqşünas baş verənlərə görə, Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovu günahlandırır:
“Azərbaycan Talışların İctimai Şurası olaraq, üzümüzü ölkə səlahiyyətlilərinə tutaraq bu iş üzrə, əsas da hüquq-mühafizə orqanlarının hərəkətsiz qalması ilə bağlı açıq qalan suallara izahat istəyirik. Eyni zamanda, ölkəmizin qardaş xalqlarından biri olan talış xalqına qarşı təhqiramiz hərəkətlərə açıq-aydın dəstək verən və bunu özünün mənfəət mənbəyinə çevirən Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Cavid Əhmədovun qanunsuz əməllərinə münasibətdə qanuni tədbirlər görülməsini tələb edirik”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə bildirib ki, şəxsi mülahizələrə əsaslanan iddialar əsassızdır, həqiqəti əks etdirmir:
“2024-cü il martın 27-də “TikTok”da təhqiramiz ifadələr işlədən Nəzirxan Ağaxanovu Sabunçunun Zabrat qəsəbəsi ərazisindən bir qrup şəxs oğurlayaraq “Qazel”lə naməlum yerə aparıblar. Sonra da ona işgəncə vermələrilə bağlı əsaslı şübhələr müəyyən edilib”.
DİN-nin mətbuat xidmətindən bildirilib ki, fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlayıb və istintaq hərəkətləri icra edilib:
“Vətəndaşı sosial şəbəkələrdə cinayətkar aləmin üzvlərini təhqir etdiyinə görə oğurlayaraq işgəncə verməklə “üzr istədib” görüntülərini yayan şəxslər həbs ediliblər. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən —Şücaət Rzayev, Samir Hüseynov, Kamran Rzayev, Murad Rzayev, Əhməd Əzizov, Müştəba Əliyevin şəxsiyyətləri müəyyən olunub və onlar saxlanılaraq istintaqa cəlb ediliblər. Hər biri barəsində həbs qətimkan tədbiri seçilib”.
İstintaq zamanı Müştəba Əliyevin yetkinlik yaşına çatmayanları aldadadaraq, vədlər verərək, ağır cinayətin törədilməsinə cəlb etdiyi məlum olub:
“O, yetkinlik yaşına çatmayan M.Rzayevi və Ə.Əzizovu əməllərinin kriminal ünsürlərə rəğbət bəsləyən şəxslər tərəfindən alqışla qarşılanacağı və bununla yüksək hörmətə malik olacaqları kimi vədlər verməklə bu cinayətin törədilməsinə cəlb edib. E.Əhmədovun sifarişi ilə M.Rzayev, Ə.Əzizov, S.Əliyev, T.Əliyev, E.Alışov və digərləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib videomüraciətin sahibi olan N.Ağaxanovun olduğu yeri və telefon nömrəsini əldə ediblər”.
“Aralarında olan sövdələşmə əsasında hərəkət bölgüsü üzrə martın 27-də sonuncunu iş adı ilə aldadıb Zabrat qəsəbəsinə gəlməsinə nail olublar. Daha sonra qeyd edilən yük avtomobilinə mindirib, əl-ayağını və gözlərini yapışqanlı lentlə bağlayıb, öncədən qurulmuş plana uyğun olaraq Ş.Rzayevin evinə aparıblar. Onun evinin həyətindənki tikilidə ona fiziki zor tətbiq edib və psixi iztirab verməklə paylaşdığı videogörüntülərdəki sözləri təkzib etməsini və “böyük qardaşlardan” üzr istəməsini tələb ediblər. Buna nail olduqdan sonra N.Ağaxanovu huşsuz vəziyyətdə yaşadığı əraziyə düşürüblər”, – DİN bildirib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.