ATƏT: Rusiya deportasiya olunmuş ukraynalı uşaqların hüquqlarını pozur

Foto: Meydan TV

2022-ci il fevralın 24-dən bəri Rusiya tərəfindən 200-300 min həddi-büluğa çatmayan uşağın oğurlandığı iddia edilir

“Novosti Donbassa”nın materialı

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə deportasiya olunmuş ukraynalı uşaqların çoxunun hüququ Rusiya tərəfindən pozulur. Bu barədə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mayın 4-də dərc olunmuş hesabatında deyilir.

Ekspertlər tammiqyaslı müharibə başlayandan deportasiya edilmiş ukraynalı uşaqların dəqiq sayını müəyyən edə bilməyiblər. Bununla belə, hesabatda deyilir ki, “ukraynalı uşaqların geniş miqyasda köçürülməsi, deyəsən, nə Ukrayna, nə də Rusiya tərəfindən təkzib olunur”.

Ukraynalı məmurlar ATƏT-in ekspertlərinə xəbər veriblər ki, onların qiymətləndirmələrinə görə, 2022-ci il fevralın 24-dən bəri Rusiya tərəfindən 200-300 min həddi-büluğa çatmayan uşaq oğurlanıb.

“Rusiya Federasiyasına deportasiya olunmuş uşaqların çoxunun hüququ pozulub. Rusiya Federasiyası sadəcə dəfələrlə bu uşaqların maraqlarını pozmayıb, həm də onları şəxsiyyət, ailə ilə birləşmə, həmçinin təhsil, informasiya, istirahət, asudə vaxt, mədəni həyatda və incəsənətdə iştirak, fikir, vicdan və din, sağlamlıq və təhlükəsizlik hüquqlarından da məhrum edib”, – hesabatda deyilir.       

Bundan başqa, ekspertlər ukraynalı uşaqların deportasiyasının üç ən geniş yayılmış səbəbini ayırıb:

“Təhlükəsizlik baxımından təxliyə, övladlığa verilmə və belə demək olarsa, istirahət düşərgələrində müvəqqəti qalma”.

Hesabatda qeyd olunur ki, oğurlanmış uşaqlar rusiyayönlü informasiya kampaniyalarına məruz qalırlar ki, bu kampaniyalar, adətən, həddi-büluğa çatmayanların yenidən tərbiyə olunmasına yönəlib.

“Rusiya Federasiyası ukraynalı uşaqların qaytarılmasında fəal yardım üçün heç bir addım atmır. Əksinə, öz uşaqlarını qaytarmağa çalışan ailələr üçün müxtəlif maneələr yaradır”, – ekspertlər qeyd edib.

Böyük Britaniyanın ATƏT-də səfiri vəzifəsinin icraçısı Deyrdre Braun ona diqqət yetirib ki,  Rusiya rəhbərliyinin göstərişi ilə həyata keçirilən daha çox sayda iyrənc hərəkətlər ifşa edilsin. Onun dediyinə görə, Rusiya zorla Ukraynanın demoqrafik tərkibini həmişəlik dəyişməyə çalışır.      

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ukraynalı uşaqların Rusiya ərazisinə deportasiyasını və zorakı yolla köçürülməsini soyqırım adlandırıb.

Rusiyada uşaq ombudsmeni Mariya Lvova-Belova bəyan edib ki, “Ukraynanın işğal olunmuş ərazilərindən olan uşaqlar Krasnodarda dincəlib və geri qayıdışları  ləngiyib. Hazırda onları qohumalarına təhvil verirlər”.     

Ana səhifəSiyasətATƏT: Rusiya deportasiya olunmuş ukraynalı uşaqların hüquqlarını pozur