Dunya Miyatoviç hesab edir ki,
zorakılıq aktı Azərbaycanda media azadlığı sahəsində onsuz da artıq həyəcan doğuran vəziyyətdən xəbər verir
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakıda mayın 6-7-də ictimai etirazları işıqlandıran jurnalistlərə qarşı zorakılıqları pisləyib.
Dunya Miyatoviç ATƏT-in veb səhifəsində bu barədə yazıb. O, bildirib ki, jurnalistlər ictmai etirazçıları işıqlandıran zaman hücuma məruz qalıb. Media nümayəndələrinə qarşı bu sonuncu zorakılıq aktı Azərbaycanda media azadlığı sahəsində onsuz da artıq həyəcan doğuran vəziyyətdən xəbər verir”.
“Hüquq-mühafizə orqanları media nümayəndələrinin müdafiə edilməsinə görə məsuliyyət daşıyır və onların hücum etməsi, ya da kimisə jurnalistlərə hücuma təhrik etməsi qəbuledilməzdir. Bu insidentlərin tez bir zamanda və şəffaf şəkildə təhqiq ediləcəyinə ümid bəsləyirəm”, – deyə Dunya Miyatoviç bəyanatında bildirib.
Mayın 6-da Turan xəbər agentliyinin jurnalisti Etimad Budaqov polis tərəfindən hücuma məruz qalıb, “Yeni Musavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən, “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qayayev və “Mediaforum” saytının əməkdaşı Amid Süleymanov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Polis Turan agentliyi və Amerikanın Səsi radiostansiyasının müxbiri Pərvanə Bayramovanı da saxlamağa çalışıb.
Mayın 7-də Obyektiv TV-nin jurnalisti Hüseyn Əzizoğlu məhkəmədə etirazçılara qarşı məhkəmə prosesini işıqlandıran zaman polisin qarşısında naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Əzizoğlu xəsarət alıb, onun kamerası da zədələnib.