ATƏT-in monitorinq qrupu Ukraynada minaya düşüb

Ölən və yaralananlar var

Source:


Ölən və yaralananlar var

ATƏT-in monitorinq missiyası Ukraynanın şərqində minaya düşüb. Nəticədə qurumun 1 əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Məlumatı AzadlıqRadiosu “France-Press” agentliyinə istinadla yayıb.

Bildirilir ki, ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprelin 23-də özünün “Tvitter” səhifəsində məlumatı təsdiqləyib.

O, cavabdehlərin məsuliyyətə cəlb olunacağını deyib.

Ukraynanın xarici işlər nazirirliyi də məlumatı təsdiqləyib.

Ölənin amerikalı tibb işçisi, xəsarət alanlardan birinin isə alman olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Müşahidəçilərin patrul maşını Luqansk vilayətinin Prişib kəndi ərazisində fuqasa düşüb.

Bu kənd Slavyanoserbsk rayonunda yerləşir və məlumatlara görə, bu bölgə separatçıların nəzarətində olan ərazi ilə təmas xəttindəki zonadadır.

2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında silahlı toqquşmalar gedir.

Bu müddət ərzində ümumilikdə 9 mindən çox adam ölüb.

Hazırda bölgədəki təmas xətləri arasında gərginliyi azaltmaq məqsədilə ATƏT-in 700-dən çox beynəlxalq müşahidəçisi fəaliyyət göstərir.

57 ATƏT ölkəsi, o cümlədən Ukrayna, Rusiya və ABŞ, bu missiyanın mandatını daha bir il uzatmaq qərarına gəliblər.

ATƏT-in müşahidəçilər missiyası bölgədə 2014-cü ildən yerləşdirilib və bununla 3-cü dəfədir ki, mandatı uzadılır.

ABŞ və Qərb ölkələri Ukraynanın şərqindəki münaqişə və 2014-cü ildə Krımın ilhaqına görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ana səhifəXəbərlərATƏT-in monitorinq qrupu Ukraynada minaya düşüb