Dunya Miyatoviç: “Azərbaycan vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin tədbirə gəlməsinə icazə verməyən yeganə ölkədir”
Bu günlərdə Tbilisidə ATƏT-in “Rəqəmsal dövrdə ictimai televiziya” adlı XI Cənubi Qafqaz konfransı keçirilir.
“Turan”ın məlumatına görə, Avropa İttifaqından və postsovet ölkələrindən olan konfrans iştirakçıları rəqəmsalyayıma keçid dövründə çağırışları və strateji seçimi, Cənubi Qafqazda ictimai yayımın vəziyyətini və perspektivlərini, dəyərlər və kontent, İTV-nin hüquqivə maliyyə məsələlərini müzakirə edirlər.
ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç “cəmiyyət üçün və cəmiyyətin hesabına real ictimai yayıma” nail olunmasının vacibliyini bildirib.
O, həmçinin rekord sayda jurnalist və bloqqerin həbsi ilə seçilən Azərbaycanda vəziyyətə toxunmağı vacib sayıb.
“Azərbaycan vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin tədbirə gəlməsinə icazə verməyən yeganə ölkədir”, – Miyatoviç Bakı havalimanında fotojurnalist və bloqqer MehmanHüseynovun saxlanmasına işarə edərək bildirib.
Müzakirələr çərçivəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan jurnalistikasının ən başlıca problemi kimi ölkə jurnalistlərinin Peşə-Etika Məcəlləsində əksini tapan “həqiqətə xidmət” prinsipinin pozulmasını göstərib. Onun sözlərinə görə, KİV-də plüralizmin, balansın, obyektivliyin pozulması adi hala çevrilib və auditoriyanın, ictimai rəyin çaşdırılmasına yönəldilib.
Mehman Əliyev deyib ki, belə vəziyyət medianın iqtisadi azadlığının itirilməsi, məhkəmə və güc qurumlarının təzyiqləri, ən başlıcası dövlətin media məkanını tam nəzarətə götürmək və onu idarə etmək cəhdlərinin nəticəsində yaranıb. Hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin və bloqqerlərin sayı 17 nəfərə çatıb.
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Azər Həsrət bu bəyanatı şərh edərək deyib ki, həbs olunanlar əsasən, islamçılardır, həmçinin jurnalistika fəaliyyətinə aidiyyatı olmayan müxtəlif cinayətlər törətmiş şəxslərdir.
Polemikaya müdaxilə edən Miyatoviç bildirib ki, əslində həbslər hökuməti tənqidə görə siyasi motivlərlə aparılır. “Mən dəfələrlə bu məsələ ilə bağlı prezident İlham Əliyevə və şöbə müdiri Əli Həsənova müraciət etmişəm. Bundan sonra bəzi jurnalistləri buraxmaq mümkün olub”, – o, bu cür konstruktiv addımların atıldığını qeyd edib.
Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov diffamasiyanın pozulmasına görə jurnalistlərin məsuliyyətə cəlb edilməsi faktlarının olmadığına diqqəti yönəldib. “Biz diffamasiyanın dekriminallaşdırılması layihəsinin üzərində işləyirik. Lakin kompleks həllə tərəfdar olan Venesiya Komissiyasından fərqli olaraq, biz qanunun mərhələli tətbiqinə tərəfdarıq”, – o vurğulayıb.
K.Həsənov həmçinin hökumətin jurnalistlərə qayğısından, KİV-in inkişafından, medianın texniki və sosial problemlərindən danışıb.
Erməni və gürcü jurnalistlər də diffamasiyasa həsində problemlərin olmasından, öz ölkələrində hakimiyyətin jurnalistlərə təzyiqlərindən danışıblar.
İlin əvvəlindən Ermənistanda jurnalstlərə fiziki təzyiqlərlə bağlı 7 hal qeydə alınıb, onlara qarşı 14 iddia qaldırılıb.
Gürcüstanda da məmurlar tərəfindən jurnalistlərə və redaksiyalara təzyiq faktları qeydə alınıb. Lakin siyasi sistemdə hakimiyyət və müxalifət arasında balansın olması sayəsində KİV-də plüralizm təmin edilir. Hər iki ölkədə hər hansı motivlərlə jurnalistlərin həbs olunması faktları yoxdur.