ATƏT-in baş katibi: Münaqişələrin həlli üçün Rusiya ilə işləmək lazımdır

Elxan Şahinoğlu: ”Bu, ATƏT-in münaqişəni həll edə bilməməsinin etirafıdır”

Source:


Elxan Şahinoğlu: ”Bu, ATƏT-in münaqişəni həll edə bilməməsinin etirafıdır”

ATƏT-in baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 3-də Moskvada keçirilən görüşündə münaqişələrin həlli əsas müzakirə mövzularından olub.

Sergey Lavrov görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yolları ətrafında geniş müzakirələr apardıqlarını deyib:

“İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik”.

Məlumatı APA

yayıb

.

O, Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. S.Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb.

Tomas Qreminger də görüşün əsas mövzularından birinin ATƏT məkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib:

“ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir”.

Tomas Qremingerin açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Elxan Şahinoğlu bildirib ki, əgər diplomat “münaqişənin həlli Rusiyadan asılıdır” söyləsəydi, bu fikirlə tamamilə razılaşmaq olardı.

“Çünki Ermənistan Rusiyanın təsiri altındadır və Rusiya rəsmisi Qrızlov vaxtilə bu ölkəni hətta  forpost da adlandırmışdı. Bu mənada Kreml istəsə, münaqişəni həll edə bilər”, – E.Şahinoğlu deyib.

Elxan Şahinoğlu

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdan qayıdanda “Putinin istəyi olsa, bu problem qısa zamanda həll etmək olar” bəyanatını xatırladıb:

“Amma Rusiya ilə işləmək deyəndə, ATƏT yükü öz çiynindən Rusiyanın üzərinə atmaq istəyir. Axı məsələ ilə bağlı Minsk Qrupu, həmsədr institutu yaradılıb, ATƏT-in zirvə toplantıları keçirilib. Tomas Qreminger əslində etiraf edib ki, münaqişəni həll edə bilmirlər, Rusiya böyük qonşu dövlətdir, tərəflərlə münasibətləri var və hər iki dövlət Moskva ilə işləsin, bizi qatmayın. Onda açıq şəkildə problemin həllində aciz olduqlarını desinlər. Ancaq Tomas Qremingerin həmin fikri etirafdır ki, problemin həllində əsas rol ATƏT-in yox, Rusiyanındır”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəXəbərlərATƏT-in baş katibi: Münaqişələrin həlli üçün Rusiya ilə işləmək lazımdır