Atəşkəsin pozulması halları artacaq

Rəsmi Bakı Ermənistana təzyiqin artırılması üçün beynəlxalq vasitəçilərin atəşkəsin pozulması hallarını araşdıran qrupun yaradılmasına da razılıq verməyəcək

Source:


Rəsmi Bakı Ermənistana təzyiqin artırılması üçün beynəlxalq vasitəçilərin atəşkəsin pozulması hallarını araşdıran qrupun yaradılmasına da razılıq verməyəcək

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Pasxa və Novruz bayramlarında Azərbaycanın və Ermənistanın atəşkəs rejiminə əməl etməsi ilə bağlı çağırış etdi. Onun bu çağırışını ATƏT-in fəaliyyətdə olan sədri Almaniya və Minsk Qrupunun həmsədrləri də dəstəklədilər. Həmsədrlərin bəyanatında deyilirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq və dinc əhaliyə qarşı zorakılıqdan qaçınmaq üçün tərəflər təmas xəttində və Azərbaycanla Ermənistan sərhədində bütün tədbirləri görməlidirlər.

Buna baxmayaraq, bayram günlərində atəşkəsə riayət olunmadı. İtkilər var. Atəşkəsin pozulması faktının özü göstərdi ki, beynəlxalq vasitəçilərin çağırışları Bakı və İrəvanda nəzərə alınmır. Minsk Qrupu həmsədrlərin fəaliyyətindən ən çox narazı olan rəsmi Bakıdır.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında dedi ki, həmsədrlərin fəaliyyətindən həmişə narazı olub, ancaq onların yanvar ayındakı atdıqları addım onu daha çox narazı salıb. Söhbət yanvar ayında Avropa Şurası Parlament Assambleyasında Qarabağla bağlı iki qətnamənin səsverməyə çıxarılmasından gedir. Bu səsvermədən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri ortaq bəyanat yayaraq AŞPA-dakı qətnamələrin onların fəaliyyətinə mane olacağını bildirmişdilər. Bunun nəticəsində iki qətnamədən biri qəbul edilmədi. İlham Əliyevin çıxışından gəlinən nəticə budur ki, həmsədrlər belə bir bəyanat verməsəydilər. AŞPA-da hər iki qətnamə qəbul ediləcəkdi.

Əslində həqiqətən həmsədrləri AŞPA-dakı səsvermənin əleyhinə çıxmaqla faktiki Ermənistanın mövqeyini dəstəkləmiş oldular. Çünki rəsmi İrəvan da AŞPA-da Qarabağla bağlı qətnamələrin müzakirəsinin əleyhinədir. Elə buna görə də Ermənistandan olan deputatlar AŞPA komitələrində Qarabağla bağlı müzakirələrə qatılmaq istəmirlər. Bunun səbəbi var. Çünki AŞPA bu növ məsələlərdə ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn, AŞPA Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərkən, Azərbaycanla bağlı fərqli mövqe tuta bilməz. Bu ikili standart olar. Ona görə də rəsmi Bakı AŞPA-da Qarabağla bağlı daha çox müzakirələrin keçirilməsinə və qətnamələrin qəbuluna çalışır. Ancaq problem ondadır ki, bu müzakirə və qətnamələri münaqişənin həllin prosesinə təsir etmir. Məsələn, AŞPA-nın yanvar sessiyasında Azərbaycanın işğal altındakı ərazilərində su mənbələrinin istifadəsinə dair qətnamə qəbul edilib. Hazırda bu qətnamənin tətbiqi ilə bağlı işlər zəif gedir. 2005-ci ildə də AŞPA-da Qarabağla bağlı qətnamə qəbul edilmişdi. Üstündən 11 il keçdikdən sonra həmin qətnamə də unudulub.

İlham Əliyev Novruz bayramı ilə bağlı çıxışında vacib bir cümlə də işlətdi: “Azərbaycanın cəbhə bölgəsindəki üstünlüyü artıb”. Bu sözləri necə başa düşmək lazımdır?

Birincisi, İlham Əliyev bununla demək istədi ki, Azərbaycan status-kvonun uzanmasına şərait yaradan atəşkəsdən narazıdır. Çünki bu halda beynəlxalq vasitəçilər, yalnız atəşkəsin qorunması haqqında düşünür, münaqişənin həlliylə məşğul olmurlar.

İkincisi, İlham Əliyevin sözlərindən bunu anlamaq lazımdır ki, Azərbaycan getdikcə Ermənistana hərbi təzyiqi artıracaq. Bu məqsədlə Azərbaycan ordusu daha da gücləndiriləcək, ordu üçün yeni silah və hərbi texnika alınacaq.

Beləliklə, münaqişənin sülh yolu ilə həlli uzandıqca. bölgədə vəziyyət getdikcə gərginləşəcək. İsti aylar yaxınlaşdıqca. atəşkəsin pozulması halları artacaq. Rəsmi Bakı Ermənistana təzyiqin artırılması üçün beynəlxalq vasitəçilərin atəşkəsin pozulması hallarını araşdıran qrupun yaradılmasına da razılıq verməyəcək.

Əslində rəsmi İrəvan da anlayır ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı olmayana qədər atəşkəs daima pozulacaq, bölgədə müharibə riski azalmayacaq. Buna baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq qərarına hazır deyil. Həmin rayonların işğalında Serj Sərkisyan bilavasitə iştirak edib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 1990-cı illərin ortalarında Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır idi. Bu plana mane olmaq üçün Levon Ter-Petrosyanı məhz keçmiş nazirlər Serj Sərkisyanla Robert Köçəryan hakimiyyətdən devirdilər. İndi Serj Sərkisyan Dağlıq Qarabağ üçün status və ya referendum tarixi almadan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etsə, belə çıxacaq ki, o Levon Ter-Petrosyanı nahaq yerə devirmişdi.

Bütün hallarda münaqişənin həlli Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından keçir. Bu, olmadan müharibə hər an başlaya bilər.

Ana səhifəXəbərlərAtəşkəsin pozulması halları artacaq