“Vətəndaşların müraciətlərinə baxılmır”
Bir qrup vətəndaş “Atəşgah” sığortadan şikayətçidir.
Onların vəkili Alı İsgəndərli Meydan TV-yə məsələ ilə bağlı müraciət edib.
Vəkilin sözlərinə görə, vətəndaşlar illərdir ki, şirkətə müraciət edir, lakin ödənişlərini ala bilmirlər.
“Şirkət hər il xalqdan sığorta adı ilə milyonlarla pul yığır. Bu pul sürücülərdən ona görə alınır ki, guya sizi sığorta edirik, maşınınız qəzaya düşəndə dəyən ziyanı ödəyəcəyik. Lakin qəza halları baş verəndə “Atəşgah” öhdəliyi yerinə yetirməkdən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır”, – vəkil qeyd edib.
Deyir ki, ona müraciət edənlərin əksəriyyəti avtomobil qəsası nəticəsində doğmalarını itirənlərdir: “2012-cü il iyulun 13-də qəza nəticəsində 50-CE-461 nömrəli maşın piyadanı vurub. “Atəşgah” 10 ildir ki, vəfat edənin atasına pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidir.
2012-ci il martın 8-də 10-TE-338 nömrə nişanlı avtomobillə 10-GR-872 nömrəli maşınının toqquşması nəticəsində bir neçə şəxs vəfat edib. Ölənlərdən birinin – Teymur Zabilovun həyat yoldaşı uzun illərdir ki, sürünsə də şirkətdən ona məhəl qoymurlar”.
Vəkil bildirib ki, vətəndaşların şikayətləri ilə bağlı dəfələrlə “Atəşgah” sığortaya müraciət ediblər. Şirkətdən isə hər dəfə bildirilib ki, gözləyin, təhlükəsizlik şöbəsi məsələni araşdırır:
“Bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi, onu da yerinə yetirirlər. Şöbə işi nə qədər vaxta araşdırıb rəy verməlidir? Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin primitiv bir şöbəsi rəy verməkdən sarı 10 il əlləşsin? Qəza törədən avtomobillərin hamısı “Atəşgah” şirkətində sığorta olunub”.
“Atəşgah” sığorta irəli sürülən iddialarla bağlı Meydan TV-nin göndərdiyi sorğunu cavablandırmayıb.